Tərtər rayonunda İcbari Tibbi Sığorta haqqında ictimai maarifləndirmə tədbiri keçirilib
Tərtər Rayon İcra hakimiyyəti İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə birlikdə icbari tibbi sığorta ilə bağlı maarifləndirmə tədbiri keçirib.
Rayon icra hakimiyyətinin inzibati binasında keçirilən tədbirdə rayon icra hakimiyyəti başçısının İctimai-siyasi və humanitar məsələlər üzrə şöbə müdirinin müavini Zabil Paşayev, Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdir müavini Cavid Əliyev, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Mingəçevir Regionu üzrə rəhbəri Adil Həsənov, rayon icra hakimiyyəti başçısının şəhər, qəsəbə və kənd inzibati ərazi dairəsi üzrə nümayəndələri, bələdiyyə sədrləri və rayonda fəaliyyət göstərən idarə, müəssisə və təşkilatlardan nümayəndələr iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Zabil Paşayev Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın dəstəyi ilə əhalinin sağlamlığının qorunmasını təmin etmək, əhalinin sosial rifahının yaxşılaşdırılması istiqamətində səhiyyə sahəsində bir sıra islahatların həyata keçirildiyini bildirib, son illər bu istiqamətdə aparılan islahatların ən əhəmiyyətlisinin icbari tibbi sığorta olduğunu vurğulayıb.
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Mingəçevir Regionu üzrə rəhbəri Adil Həsənov ölkə başçısı tərəfindən səhiyyə sistemində son illər aparılan uğurlu islahatların davamı kimi respublikada icbari tibbi sığortanın tətbiqinin səhiyyənin inkişafına töhfə verəcəyini, icbari tibbi sığortanın məqsədinin əhalinin səhiyyə xərcləri ilə bağlı maliyyə yükünü azaltmaq və səhiyyədə yeni maliyyələşmə mexanizminin tətbiq etmək olduğunu, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi əhalinin sağlamlığının qorunması sahəsində aparılan dövlət siyasətini və fəaliyyət istiqamətinə uyğun olaraq icbari tibbi sığortanın təbliği, bu sahədə əhalinin maarifləndirilməsi istiqamətində mütəmadi tədbirlər həyata keçirildiyi bildirib.
O,qeyd edib ki, icbari tibbi sığortanın tətbiqi ilkin səhiyyə xidmətinin, təcili və təxirəsalınmaz tibbi yardım xidmətinin təkmilləşməsinə səbəb olub.
Daha sonra icbari tibbi sığorta sisteminin mahiyyəti, xidmətlər zərfi çərçivəsində təminata alınan tibbi xidmətlər, əhali qrupları üzrə sığorta haqları, agentliyin müqavilə bağladığı özəl müəssisələr, sığortaolunanların, eləcə də sığortalıların hüquq və vəzifələri barədə tədbir iştirakçılarına geniş təqdimatla məlumat verilib, video çarx nümayiş etdirilib.
Sonra mövzu ilə bağlı fikir mübadiləsi aparılıb və tədbir iştirakçılarının çoxsaylı sualları cavablandırılıb.