Tərtər rayonunda dahi bəstəkar Fikrət Əmirovun 100 illiyi ilə bağlı tədbir keçirib
Aprelin 28-də Tərtər Rayon Mədəniyyət Mərkəzində Prezident İlham Əliyevin görkəmli bəstəkar Fikrət Əmirovun 100 illik yubileyinin keçirilməsi haqqında müvafiq Sərəncamına əsasən Tərtər rayon Uşaq musiqi məktəbi tərəfindən hazırlanmış yubley tədbiri keçirilib.
Qeyd edək ki, 2022-ci ilin noyabr ayında görkəmli bəstəkar, tanınmış ictimai xadim, SSRİ və Azərbaycan Respublikasının Xalq artisti, Sosialist Əməyi Qəhrəmanı, SSRİ və Azərbaycan Respublikasının Dövlət mükafatları laureatı, Azərbaycan Respublikası Elmlər Akademiyasının müxbir üzvü Fikrət Məşədi Cəmil oğlu Əmirovun anadan olmasının 100 ili tamam olur.
Tədbirdə Tərtər rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, rayon Polis Şöbəsinin rəisi Elçin Qasımov, YAP Tərtər Rayon Təşkilatının sədri Eldar Əsədov, Bərdə Regional Mədəniyyət İdarəsinin rəis müavini Validə Nabatova, Respublikanın xalq artisti, professor, bəstəkar Azər Dadaşov, Beynəlxalq Müsabiqələr laureatı Zakir Əsədov, Gəncə Regional Mədəniyyət İdarəsinin məsləhətçisi Fərid Məmmədli, Gəncə şəhər F.Əmirov adına musiqi məktəbinin direktoru Aidə Əmrahova, Ağdam musiqi kollecinin müəllimi Ülviyyə Ələkbərova, Bərdə, Tərtər rayonlarından və Mingəçevir, Yevlax şəhərlərindən olan mədəniyyət işçiləri, rayon ictimaiyyəti və musiqi sevərlər iştirak ediblər.
Tərbir iştirakçıları əvvəlcə mərkəzi meydanda ucaldılmış Ulu Öndərin abidəsini ziyarət edib, abidə önünə gül-çiçək dəstələri düzüblər. Sonra Ulu Öndər Heydər Əliyevin, akademik Zərifə xanım Əliyevanın, bəstəkar Fikrət Əmirovun və Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçərək şəhidlik zirvəsinə ucalmış qəhrəmanlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edən Tərtər rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov qeyd edib ki, əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan Azərbaycan mədəniyyəti bugün Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin və birinci-vitse president Mehriban xanım Əliyevanın rəhbərliyi ilə ən parlaq mərhələsini yaşayır. Müstəqim Məmmədov Azərbaycanın dahi bəstəkarı Fikrət Əmirovun həyat və yaradıcılığından bəhs edib və tədbirin təşkilatçılarına öz təşəkkürünü bildirib.
Sonra rayon rəhbəri Tərtər rayon Uşaq musiqi məktəbinin direktoruna Tərtər Rayon İcra Hakimiyyətinin kitabxanasında olan fortepiano və pianoya aid dərs vəsaitlərini hədiyyə edib.
Daha sonra çıxış edən Bərdə Regional Mədəniyyət İdarəsinin rəis müavini Validə Nabatova Azərbaycan bəstəkarlıq məktəbinin böyük nümayəndəsi, simfonik muğam janrının banisi Fikrət Əmirov rəngarəng yaradıcılıq palitrasına malik qüdrətli sənətkar kimi mədəni sərvətlər xəzinəmizə misilsiz töhfələr verdiyini və Azərbaycan mədəniyyətinə, musiqisinə verdiyi töhfələrdən bəhs edib.
Tədbirdə iştirak edən qonaqlar çıxış edərək bildiriblər ki, Fikrət Əmirov yaradıcılığından saatlarla danışmaq olar. Sənətkarın yubileyinin UNESCO səviyyəsində qeyd edilməsi, dünyada Azərbaycan musiqinə verilən qiymətin göstəricisidir. Əslən şuşalı olan Fikrət Əmirov yaradıcılığı Qarabağın zəngin mədəniyyətindən qaynaqlanır.
Sonra Uşaq musiqi məktəbinin Xalq çalğı alətləri orkestrinin, musiqi məktəbinin “Qarabağ Bülbülləri” xor kollektivinin, məktəbin müəllimlərinin və məktəbin məzunun ifasında bəstəkarın əsərləri səsləndirilib.
Tədbir çərçivəsində Fikrət Əmirovun öz çıxışlarından hazırlanmış videoçarx nümayiş olunub.
Sonda ifa olunan “Azərbaycan Kappriççiosu” müasir Azərbaycanın inkişafından bəhs edən videoçarx ilə uyğunlaşdırılmışdır.