Tərtər rayon Şıxarx qəsəbə 2 saylı tam orta məktəbdə sinif otaqlarına şəhidlərin adı verilib
Tərtər rayonunda torpaqlarımızın azadlığı uğurunda qəhrəmancasına şəhid olanların xatirəsi ehtiramla yad olunur, onların adlarının əbədiləşdirilməsi istiqamətində tədbirlər davam etdirilir.
Belə tədbirlərin davam olaraq oktyabrın 27-də şəhid Sarvan Quliyev adına Şıxarx qəsəbə 2 saylı tam orta məktəbdə sinif otaqlarına Vətən müharibəsi şəhidlərinin adı verilib. Artıq bu gündən məktəbin 3-cü sinifi Aysənan Abbasovun, 4-cü sinifi Ceyhun Hacızadənin, 5-ci sinifi Şamil İsmayıllının, 6-cı sinifi isə Ələkbər Ələkbərlinin adlarını daşıyacaqdır. Şəhidlərin adını daşıyan sinif otaqlarının qapıları üzərində onların adı yazılmış lövhələr yerləşdirilib, həyat və döyüş fəaliyyətlərini əks etdirən guşə yaradılıb.
Bununla əlaqədar məktəbdə keçirilən tədbirdə şəhidlərin ailə üzvləri, şəhid ailələri, qazilər, veteranlar, Tərtər Rayon İcra Hakimiyyətinin və rayon Təhsil Şöbəsinin əməkdaşları, məktəbin kollektivi, ictimaiyyət nümayəndələri iştirak ediblər. Tədbirdə şəhidlərin həyat və döyüş yollarına nəzər salınıb. Məktəblilərin ifasında şəhidlərə, vətənə həsr olunmuş şeirlər səsələndirilib.
Qeyd edək ki, Respublika Prezidentinin müvafiq Sərəncamları ilə ölümündən sonra Vətən müharibəsi şəhidləri Ceyhun Hacızadə “Suqovuşanın azad olunmasına görə”, “Vətən uğurunda”, “İgidliyə görə”, şəhid Aysənan Abbasov “Vətən uğurunda”, “Suqovuşanın azad olunmasına görə”, “Cəsur döyüşçü”, şəhid Ələkbər Ələkbərli “Vətən uğurunda”, “Suqovuşanın azad olunmasına görə” və şəhid Şamil İsmayıllı “Suqovuşanın azad olunmasına görə”, “Cəsur döyüşçü”, “Vətən uğurunda” medalları ilə təltif edilmişdilər.
Tədbirdə şəhidlərin ailə üzvləri, qazilər, veteranlar Şəhid adlarının əbədiləşdirilməsi istiqamətində görülən işlərə, onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehribann xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.