Şriftin ölçüsü :

Saytın rəngi :

Tərtər Rayon Mərkəzi Xəstəxanası PHŞ-də sünnət aksiyası keçirilib

13 iyun 2026 | 15:43

İyunun 13-də 15 İyun – Milli Qurtuluş Günü və 17 İyun – Tibb İşçilərinin Peşə Bayramı Günü münasibətilə Tərtər Rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsinin (PHŞ) təşkilatçılığı ilə şəhid, qazi və aztəminatlı ailələrin övladları üçün sünnət aksiyası keçirilib.

Aksiya çərçivəsində uşaqlar ilk öncə laborator müayinələrdən keçirilib, daha sonra isə həkim-cərrahlar Mübariz Mahmudov və İlkin Əlizadə tərəfindən sünnət əməliyyatları uğurla həyata keçirilib. Ümumilikdə 25 uşağın yararlandığı xeyriyyə aksiyasında uşaqlar tam sağalana qədər həkimlərin nəzarətində saxlanılacaqlar. Həmçinin aksiya çərçivəsində uşaqlara müxtəlif hədiyyələr də təqdim olunub.

Tədbirlə əlaqədar Mərkəzi Xəstəxanada olan Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov və YAP Tərtər Rayon Təşkilatının sədri Eldar Əsədov uşaqları və onların valideynlərini əlamətdar bayramlar münasibətilə təbrik edib, əməliyyat olunan azyaşlılara cansağlığı arzulayıblar. Onlar ölkəmizdə, eləcə də rayonda şəhid və qazi ailələrinə, aztəminatlı təbəqəyə göstərilən dövlət qayğısından bəhs edərək, bu cür xeyriyyə tədbirlərinin əhəmiyyətini vurğulayıblar.

Aksiyada iştirak edən şəhid ailələrinin üzvləri, qazilər və valideynlər övladlarına göstərilən xüsusi diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz dərin minnətdarlıqlarını bildiriblər.

 

Keçidlər