Tərtər Rayon İcra Hakimiyyətinin və Qarabağ Regional Mədəniyyət İdarəsinin Tərtər nümayəndəliyinin birgə təşkilatçılığı ilə rayon Mədəniyyət Mərkəzində 27 sentyabr – Anım Günü münasibəti ilə tədbir keçirilib
Tərtər Rayon İcra Hakimiyyətinin və Qarabağ Regional Mədəniyyət İdarəsinin Tərtər nümayəndəliyinin birgə təşkilatçılığı ilə rayon Mədəniyyət Mərkəzində 27 sentyabr – Anım Günü münasibəti ilə tədbir keçirilib
27 sentyabr – Anım Günü münasibəti ilə rayon Mədəniyyət Mərkəzində keçirilən tədbirdə rayon icra hakimiyyətinin əməkdaşları, mədəniyyət işçiləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbir iştirakçıları öncə Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərin ruhunu bir dəqiqəlik sükutla yad ediblər. Sonra Dövlət Himni səsləndirilib.
Tədbiri giriş sözü ilə Qarabağ Regional Mədəniyyət İdarəsinin Tərtər rayonu üzrə nümayəndəsi Ceyhun İsmayılzadə açıb. O, bildirib ki, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi, Milli Ordunun rəşadəti, xalq və dövlətin birliyi ilə 44 gün davam edən İkinci Qarabağ müharibəsində qazanılan Zəfər Azərbaycan tarixinin ən parlaq səhifələrindən biri kimi yaddaşlara yazıldı. Qarabağı, işğalda olan torpaqlarımızı geri qaytarmaq üçün Vətən müharibəsinə başladığımız 27 sentyabr tarixindən, xalqımızın Vətən həsrətinə son qoyaraq, qalib ölkənin qalib vətəndaşı olduq.
Cənab Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 44 günlük Vətən müharibəsində şanlı tarix yazan oğullarımızın, şəhidlərimizin, qazilərimizin döyüş yolundan söz açan Ceyhun İsmayılzadə onların hər birinin bir qəhrəman olduğunu və bu gün hər kəsin onlarla fəxr etdiyini, qürur duyduğunu qeyd edib.
Tədbirdə çıxış edən rayon icra hakimiyyəti başçısı aparatında İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Zabil Paşayev Azərbaycan xalqının var olduğu müddətcə şəhidlərimizin qəlblərdə daim əbədi yaşayacağını söyləyib və ölkə Prezidenti İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya şəhid ailələrinə göstərdikləri qayğıya görə minnətdarlığını bildirib.
Sonra şəhid ailələri adından Müşgünaz Məmmədova, İradə Əmirova, Uşaq - musiqi məktəbinin müəllimi Afaq Quliyeva çıxış ediblər. Çıxışçılar bildiriblər ki, 44 gün davam edən Vətən müharibəsində igid, cəsur, qəhrəman oğullarımız göstərdikləri şücaətlə bir daha sübut etdilər ki, xalq şəhid verirsə, deməli, o xalq böyük xalqdır və ölkə başçısının Anım Gününün respublika səviyyəsində qeyd olunması ilə bağlı imzaladığı müvafiq Sərəncamı şəhidlərimizə olan hörmət və ehtiramın bariz nümunəsidir.
Tədbirin sonunda Mədəniyyət işçiləri Vətənə, Şəhidlərə həsr edilmiş şeirlər səsləndiriblər.






