Tərtər Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə tibb və təhsil işçiləri üçün antikorrupsiya mövzusunda maarifləndirici tədbir keçirilib
Tərtər rayonunda tibb və təhsil sahəsində çalışan əməkdaşlar üçün antikorrupsiya davranış modelinin formalaşdırılması, bu istiqamətdə işlərin gücləndirilməsi və cəmiyyətdə məlumatlılığın artırılması məqsədilə maarifləndirici tədbir təşkil olunub.
Tədbirdə rayon icra hakimiyyətinin, YAP rayon təşkilatının, hüquq mühafizə orqanlarının, Qarabağ Gənclər və İdman İdarəsinin əməkdaşları, təhsil və tibb işçiləri iştirak ediblər.
Rayon İcra Hakimiyyətinin əməkdaşı Rəvan Həsənov, Qarabağ Regional Gənclər və İdman İdarəsinin rəisi Anar Əsgərov, Tərtər RPŞ-nın XÜ rəis müavini polis polkovnik-leytenantı Elxan Zamanov, Tərtər və Ağdərə rayonları üzrə təhsil sektorunun məsləhətçisi Nərgiz Quliyeva, Tərtər Rayon Mərkəzi Xəstəxanasının psixoloqu Hətəm Nuruzadə çıxışlar edərək, korrupsiyaya qarşı mübarizənin dövlət siyasətinin əsas istiqamətlərindən biri olduğunu vurğulayaraq, bu sahədə şəffaflığın və hesabatlılığın təmin edilməsinin vacibliyini qeyd ediblər. Bildirilib ki, xüsusilə tibb və təhsil müəssisələrində etik davranış qaydalarına riayət olunması, vətəndaşlarla münasibətdə dürüstlük və obyektivliyin qorunması cəmiyyətin dövlətə olan etimadının möhkəmlənməsində mühüm rol oynayır.
Çıxışlarda həmçinin korrupsiyaya şərait yaradan halların qarşısının alınması, risklərin müəyyən edilməsi və aradan qaldırılması yolları, eləcə də qanunvericiliyin tələbləri barədə ətraflı məlumat verilib. İştirakçılara gündəlik fəaliyyətlərində şəffaflığın təmin olunması, vəzifə səlahiyyətlərindən düzgün istifadə edilməsi və etik normalara əməl olunmasının əhəmiyyəti izah edilib.
Tədbirin sonunda mövzu ətrafında fikir mübadiləsi aparılıb, iştirakçıları maraqlandıran suallar cavablandırılıb və belə maarifləndirici tədbirlərin mütəmadi keçirilməsinin vacibliyi vurğulanıb.






