Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovun Qurban bayramı münasibəti ilə tərtərlilərə təbriki:
Əziz tərtərlilər!
Sizi və Sizin şəxsinizdə bütün soydaşlarımızı birlik, bərabərlik və qardaşlıq rəmzi olan müqəddəs Qurban bayramı münasibətilə ürəkdən təbrik edir, hər birinizə uzun ömür, can sağlığı, firavan və xoşbəxt həyat arzu edirəm.
Milli-mənəvi dəyərlərə sadiq xalqımız Qurban bayramını hər il ölkəmizdə böyük təntənə və ruh yüksəkliyi ilə qeyd edir, Allahın adına qurbanlar kəsilir, dövlətimizin tərəqqisi, xalqımızın rifahı, Vətənimizin bütövlüyü və əmin-amanlığı üçün dualar edilir.
Bu ilki Qurban bayramını daha əlamətdar bir ildə - “Konstitusiya və Suverenlik İli”ndə qeyd edirik. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan olunması ölkəmizin həyatında üç mühüm dönüş nöqtəsinin tarixi əhəmiyyətini ifadə edir.
Müstəqil dövlətimizin ilk Konstitusiyasının qəbul edilməsi, İkinci Qarabağ müharibəsinin və antiterror əməliyyatının qələbələrlə başa çatdırılması, ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpa olunması xalqımızın taleyi ilə bağlı olan müstəsna əhəmiyyətli hadisələrdir.
Gəlin bu bayram günündə bir daha torpaqlarımızın suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərimizin xatirəsini yad edək, onlara Ulu tanrıdan rəhmət diləyək. Hər birimiz torpaqlarımızın işğaldan azad edilməsi üçün şəhidlərimizə, sağlamlıqlarını Vətən yolunda itirmiş qazilərimizə, veteranlarımıza borcluyuq. Şəhid ailələrinə, qazilərə qayğı göstərmək, onların övladlarını sevindirmək hər birimizin mənəvi və insanlıq borcudur.
Əziz tərtərlilər!
Qoy bu müqəddəs bayram birlik və mərhəmətin, xeyirxahlığın təntənəsinə çevrilsin! Sizə səmimi təbriklərimi çatdırır, ailələrinizə xoşbəxtlik, süfrələrinizə bol ruzi və xeyir-bərəkət arzulayıram.
Qurban bayramı ailələrinizə firavanlıq, süfrələrinizə bərəkət gətirsin.
Ulu Tanrı etdiyiniz duaları qəbul etsin!
Bayramınız mübarək!






