Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovun Qurban bayramı münasibəti ilə tərtərlilərə təbriki
Əziz tərtərlilər!
Sizi və Sizin şəxsinizdə bütün soydaşlarımızı İslam dünyasının birlik, bərabərlik və qardaşlıq rəmzi olan müqəddəs Qurban bayramı münasibətilə ürəkdən təbrik edir, hər birinizə uzun ömür, can sağlığı, firavan və xoşbəxt həyat arzu edirəm.
Milli-mənəvi dəyərlərə sadiq xalqımız Qurban bayramını hər il ölkəmizdə böyük təntənə və ruh yüksəkliyi ilə qeyd edir, Allahın adına qurbanlar kəsilir, dövlətimizin tərəqqisi, xalqımızın rifahı, Vətənimizin bütövlüyü və əmin-amanlığı üçün dualar edilir.
Gəlin bu bayram günündə bir daha torpaqlarımızın suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərimizin xatirəsini yad edək, onlara Ulu tanrıdan rəhmət diləyək. Hər birimiz torpaqlarımızın işğaldan azad edilməsi üçün şəhidlərimizə, sağlamlıqlarını Vətən yolunda itirmiş qazilərimizə, veteranlarımıza borcluyuq. Şəhid ailələrinə, qazilərə qayğı göstərmək, onların övladlarını sevindirmək hər birimizin mənəvi və insanlıq borcudur.
Əziz tərtərlilər!
Sizə etdiyiniz dua və niyyətlərin Tanrı dərgahında qəbul olunmasını arzu edirəm. Qoy bu müqəddəs bayram birlik və mərhəmətin, xeyirxahlığın təntənəsinə çevrilsin! Sizə səmimi təbriklərimi çatdırır, ailələrinizə xoşbəxtlik, süfrələrinizə bol ruzi və xeyir-bərəkət arzulayıram.
Qurban bayramı ailələrinizə firavanlıq, süfrələrinizə bərəkət gətirsin.
Bayramınız mübarək!