Şriftin ölçüsü :

Saytın rəngi :

Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovun Qurban Bayramı münasibəti ilə tərtərlilərə T Ə B R İ K İ

26 may 2026 | 17:55
 
 
Hörmətli tərtərlilər!
 
Sizi və Sizin şəxsinizdə bütün soydaşlarımızı müqəddəs Qurban Bayramı münasibətilə ürəkdən təbrik edir, hər birinizə möhkəm cansağlığı, ailə səadəti, bol ruzi-bərəkət və firavan günlər arzulayıram.
 
Qurban Bayramı İslam aləminin ən müqəddəs bayramlarından biri olmaqla, insanları mənəvi saflığa, mərhəmətə, yardımlaşmaya və həmrəyliyə səsləyir. Bu əziz gündə insanlar Allahın rizasını qazanmaq naminə xeyirxah əməllər edir, ehtiyacı olanlara yardım göstərir, cəmiyyətimizdə birlik və bərabərliyin daha da möhkəmlənməsinə töhfə verirlər.
 
Azərbaycan xalqı əsrlər boyu öz milli-mənəvi dəyərlərinə, dini ənənələrinə daim böyük hörmətlə yanaşmışdır. Ulu Öndər Heydər Əliyev tərəfindən müəyyən edilmiş dövlət-din siyasəti bu gün İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ölkəmizdə dini-mənəvi dəyərlərin qorunması, tolerantlıq mühitinin möhkəmləndirilməsi və müqəddəs bayramlarımızın yüksək səviyyədə qeyd olunması dövlətimizin bu sahəyə göstərdiyi diqqət və qayğının bariz nümunəsidir.
 
Qədim tarixə, zəngin mədəniyyətə və mübariz ruha malik Tərtər rayonunun sakinləri hər zaman milli və mənəvi dəyərlərimizə sadiq qalmış, Vətənə, dövlətə və dövlətçiliyə sədaqət nümayiş etdirmişlər. Əminəm ki, bu müqəddəs bayram günlərində də rayonumuzda birlik, həmrəylik və qarşılıqlı dəstək daha da güclənəcək, süfrələrinizdən ruzi-bərəkət əskik olmayacaqdır.
 
Gəlin, bu bayram günündə bir daha torpaqlarımızın suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərimizin xatirəsini yad edək, onlara Ulu tanrıdan rəhmət diləyək. Hər birimiz torpaqlarımızın işğaldan azad edilməsi üçün şəhidlərimizə, sağlamlıqlarını Vətən yolunda itirmiş qazilərimizə, veteranlarımıza borcluyuq. Şəhid ailələrinə, qazilərə qayğı göstərmək, onların övladlarını sevindirmək hər birimizin mənəvi və insanlıq borcudur.
 
Bir daha sizi müqəddəs Qurban Bayramı münasibətilə səmimi qəlbdən təbrik edir, kəsdiyiniz qurbanların, etdiyiniz duaların və arzu-niyyətlərinizin Uca Allah tərəfindən qəbul olunmasını diləyirəm.
 
Qurban Bayramınız mübarək olsun!
Keçidlər