Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovun Novruz bayramı münasibəti ilə tərtərlilərə təbriki
Əziz tərtərlilər, Sizi Novruz bayramı münasibəti ilə səmimi qəlbdən təbrik edirəm. Sizə uzun ömür, can sağlığı, xoşbəxtlik, süfrələrinizə bol ruzi, bərəkət arzulayıram.
Novruz bayramı əsrlərin sınağından çıxmış, ta bu günədək gəlib çatmış milli-mənəvi dəyərlərimizi, adət-ənənələrimizi özündə yaşadan Milli Bayramımızdır. Xalqımız min illərdir ki, Novruzun gəlişini bayram edir.
Artıq 4 ildir ki, 44 günlük Vətən müharibəsində düşmən üzərində qazanılan möhtəşəm Qələbə-Zəfər günü Odlar yurdu Azərbaycanımıza əbədi bir bahar gətirib. Bu baharı bizə gətirən şəhidlərimizə-işğaldan azad edilmiş torpaqlarımızda aparılan lokal xarakterli antiterror əməliyyatlarında canlarını qurban vermiş oğullarımıza Ulu Tanrıdan rəhmət diləyir, şəhid analarının qarşısında baş əyir, qazilərimizə can sağlığı arzulayırıq.
Şəhidlərin, qazilərin, müharibə veteranlarının-Azərbaycanımızın döyüşən igid oğul və qızlarının sayəsində uzun illərdən sonra soydaşlarımız doğulub-böyüdükləri torpaqları ziyarət edə bildilər. Doğma Qarabağımıza-Şuşaya, Xankəndinə, Xocalıya, Ağdama, Cəbrayıla, Qubadlıya, Ağdərəyə və digər işğaldan azad olunmuş torpaqlara gedə bildilər. İşğaldan azad edilmiş torpaqlarımızda qalanan bayram tonqalları neçə illik yurd həsrətimizə, nisgilimizə son qoydu, qəlblərdəki doğma yurd həsrətinin buzlarını əritdi, bir daha düşmənə mənəvi zərbə vurdu, şəhidlərimizin ruhu şad oldu.
Azərbaycan Respublikasının Prezidenti, cənab Ali Baş Komandan İlham Əliyev 2021–ci ildə Şuşadan–Cıdır düzündən, 2022-ci ildə Tərtər rayonunun işğaldan azad edilmiş Suqovuşan qəsəbəsindən, 2023-cü ildə yenə də rayonumuzun Talış kəndindən, bu il isə Xankəndindən Azərbaycan xalqini təbrik edib, bayram tonqalını yandırdı.
Qoy bir daha çatılan tonqallarımız sönməsin!
Möhtərəm Prezidentimiz cənab İlham Əliyev, Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən şəhid ailələrinə və qazilərə göstərilən diqqət və qayğı hər kəsə bir nümunədir.
Ali Baş Komandanımız cənab İlham Əliyevin rəhbərliyi altında doğma Qarabağımız yenidən dirçəlir, bir gülüstana çevirilir. İşğaldan azad edilmiş torpaqlarımızda, şəhər və rayonlarımızda nəhəng quruculuq işləri başlanıb. Ağıllı kəndlər salınır, şəhərlər bərpa edilir, uzun illər dogma ocaqlarından didərgin düşmüş məcburi köçkünlər geriyə dönürlər.
İnanırıq ki, Novruz bayramı xalqımıza sevinc, bol ruzi, bərəkət gətirəcək.
Bir daha Sizləri Novruz bayramı münasibəti ilə təbrik edir, Sizə ən xoş arzularımı çatdırır, şəhid anaları qarşısında baş əyirəm!
Novruz bayramınız mübarək!