Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovun növbəti səyyar-qəbul görüşü Səhlabad kəndində keçirilib
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyyələrinə uyğun olaraq mütəmadi surətdə bölgələrdə icra başçılarının səyyar qəbul görüşləri keçirilir. Keçirilən səyyar qəbul-görüşlərin məqsədi vətəndaşları narahat edən məsələləri bilavasitə yerində öyrənmək və onların rastlaşdıqları problemləri vaxtında aradan qaldırmaqdır.
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovun təsdiq olunmuş qrafikə uyğun olaraq növbəti səyyar qəbul-görüşü Səhlabad kəndində keçirilib.
Qəbulda YAP Tərtər rayon təşkilatının sədri Eldar Əsədov, səhiyyə, təhsil, mədəniyyət, digər xidmət təşkilatlarının rəhbərləri, ərazi icra nümayəndəsi, bələdiyyə sədri və kənd sakinləri iştirak ediblər.Əvvəlcə icra başçısı şəhidlərin xatirəsinə ucaldılmış abidənin önünə gül-çiçək dəstələri düzüb, şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Rayon rəhbəri respublikamızda gedən sosial-iqtisadi inkişafın xalqımızın rifah halının yaxşılaşmasına təsirindən, həmçinin Səhlabad kəndində görülən işlərdən, sakinlərinin məşğuliyyətindən, kənddə mövcud olan sosial obyektlərin vəziyyətindən, rayonun sosial-iqtisadi inkişafı, əhalini narahat edən problemlərin həlli istiqamətində həyata keçirilən tədbirlərdən də danışıb, bildirib ki, əhali fasiləsiz olaraq işıq, qaz və su ilə təmin olunur.
Qeyd olunub ki, Səhlabad kəndinin 587 hektar ərazisi, 537 təsərrüfatı, 2318 nəfər əhalisi var. Ərazidə 1 məktəb, 1 kitabxana, 1 tibb məntəqəsi, 1 mədəniyyət evi, 9 ticarət oyekti, 8 iaşə obyekti, 14 məişət obyekti faəliyyət göstərir. Kənd sakinləri əkinçilik və maldarlıqla məşğul olurlar. Sakinlər 532 baş iribuynuzlu, 1450 baş xırdabuynuzlu heyvan, 3780 baş quş saxlayırlar.
Son üç ildə Səhlabad kəndində kəndarası yollar 1.5 km məsafədə təmir edilib, su arxları 7 km məsafədə lildən təmizlənib, kənd ərazisində 1500 ədəd çəkil ağacı, 2500 ədəd müxtəlif növ ağac əkilib, 1 ədəd elektrik transformatoru təmir edilib, 3 ədəd subartezian quyusunun nasosu təmir edilib, 1 ədəd subartezian quyusu istfadəyə verilib, yol kənarları alaq otlarından təmizlənərək səliqə-səhmana salınıb.
Rayon rəhbəri sakinlərə Elektron Hökumət Portalı tərəfindən yaradılmış Rəqəmsal İcra Hakimiyyəti platforması barədə məlumat verərək, xidmətin əlçatanlıq və üstünlüklərini qeyd edib və https://rih.gov.az/ platformasından istifadə etmələrini tövsiyə edib. Erkən nikah və onun fəsadlarından söhbət açıb, əlaqədar qurumları, hər kəsi erkən nikaha, narkotok və psixotrop maddələrdən istifadəyə qarşı mübarizəyə çağırıb, bu sahədə güclü maarifləndirmə işlərinin aparılmasına ehtiyac olduğunu bildirib.
Sonra söz sakinlərə verilib.
Kənd sakinlərindən Elbrus Muradov, Camal Aslanov, Pakizə Zeynalova elektrik xəttinin təmir olunması və subartezian quyusunda limitin artırılması, Qəmzə Ağayeva evinin təmir olunmasına köməklik, Səxavət Mahmudov işlə təmin olunma, Siyatel Abdullayeva oğlunun müalicəsinə köməklik, Ziya Mahmudov azyaşlı uşaqların asudə vaxtlarında məktəbin futbol meydançasında oynamaları üçün şərait yaradılması, Pakilet İsmayılova evinə gedən yolun kol kosdan təmizlənməsi və digər məsələlər ilə bağlı müraciət ediblər.
Qaldırılan məsələlərin bəziləri yerində həll olunub, bir qismi nəzarətə götürülüb, rayon rəhbəri tərəfindən əlaqədar qurumlara aidiyyəti tapşırıqlar verilib.
Qəbulda iştirak edən sakinlər onların problemlərinin həllinə həssaslıqla yanaşıldığına, şəhid ailələri və qazilərə göstərilən diqqət va qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.