Şriftin ölçüsü :

Saytın rəngi :

Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovun növbəti səyyar-qəbul görüşü Köçərli kəndində keçirilib

09 yanvar 2025 | 14:19

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyyələrinə uyğun olaraq mütəmadi surətdə bölgələrdə icra başçılarının səyyar qəbul görüşləri keçirilir. Keçirilən səyyar qəbul-görüşlərin məqsədi vətəndaşları narahat edən məsələləri bilavasitə yerində öyrənmək və onların rastlaşdıqları problemləri vaxtında aradan qaldırmaqdır.

Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovun təsdiq olunmuş qrafikə uyğun olaraq növbəti səyyar qəbul-görüşü Köçərli kənd İƏD üzrə nümayəndəliyin Köçərli kəndində keçirilib.

Qəbulda hüquq-mahafizə orqanlarının rəhbərləri, səhiyyə, təhsil, mədəniyyət, digər xidmət təşkilatlarının rəhbərləri, ərazi icra nümayəndəsi və kənd sakinləri iştirak ediblər. Əvvəlcə icra başçısı şəhidlərin xatirəsinə ucaldılmış abidənin önünə gül-çiçək dəstələri düzüb, şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Rayon rəhbəri respublikamızda gedən sosial-iqtisadi inkişafın xalqımızın  rifah halının yaxşılaşmasına təsirindən, həmçinin Köçərli kəndində görülən işlərdən, sakinlərinin məşğuliyyətindən, kənddə mövcud olan sosial obyektlərin vəziyyətindən, rayonun sosial-iqtisadi inkişafı, əhalini narahat edən problemlərin həlli istiqamətində həyata keçirilən tədbirlərdən də danışıb, bildirib ki, əhali fasiləsiz olaraq işıq, qaz və su ilə təmin olunur.

Qeyd olunub ki, Köçərli kəndinin 1281 hektar ərazisi, 431 təsərrüfatı, 1805 nəfər əhalisi var. Ərazidə 1 məktəb, 1 kitabxana, 1 tibb məntəqəsi, 7 ticarət obyekti, 4 iaşə obyekti, 2 məişət obyekti faəliyyət göstərir. Kənd sakinləri əkinçilik və maldarlıqla məşğul olurlar. Sakinlər 1775 baş iribuynuzlu, 933 baş xırdabuynuzlu heyvan, 7504 baş quş, 48 arı ailəsi saxlayırlar.

Son üç ildə Köçərli kəndində kənd arası yollar 800 metr təmir olunub, su arxları 3.7 km məsafədə lildən təmizlənib, kənd ərazisində 1450 növ müxtəlif ağac əkilib, yol kənarları alaq otlarından təmizlənərək səliqə-səhmana salınıb.

Rayon rəhbəri sakinlərə Elektron Hökumət Portalı tərəfindən yaradılmış Rəqəmsal İcra Hakimiyyəti platforması barədə məlumat verərək, xidmətin əlçatanlıq və üstünlüklərini qeyd edib və https://rih.gov.az/ platformasından istifadə etmələrini tövsiyə edib. Erkən nikah və onun fəsadlarından söhbət açıb, əlaqədar qurumları, hər kəsi erkən nikaha, narkotok və psixotrop maddələrdən istifadəyə qarşı mübarizəyə çağırıb, bu sahədə güclü maarifləndirmə işlərinin aparılmasına ehtiyac olduğunu bildirib.

Sonra söz sakinlərə verilib.

Kənd sakinlərindən Əkbər Hacıyev Azad Qaraqoyunlu kəndindən Köçərli kəndinə gedən suvarma arxının bərpa olunması, Ziyəddin Nəcəfov isıq transformatorunun təmir olunması və nəvəsinin özünüməşğulluq proqramı çərçivəsində heyvandarlıq aktivləri ilə təmin olunması, Ələddin Aslanov və Hüseyn Həbibov kəndə gələn suvarma arxının bərpa olunması və digər məsələlər barədə müraciət ediblər.

Qaldırılan məsələlər ilə əlaqədar rayon rəhbəri tərəfindən əlaqədar şəxslərə aidiyyəti tapşırıqlar verilib.

Qəbulda iştirak edən sakinlər onların problemlərinin həllinə həssaslıqla yanaşıldığına, şəhid ailələri  və qazilərə  göstərilən diqqət va qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.

Keçidlər