Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovun növbəti səyyar-qəbul görüşü Cəmilli kəndində keçirilib
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyyələrinə uyğun olaraq mütəmadi surətdə bölgələrdə icra başçılarının səyyar qəbul görüşləri keçirilir. Keçirilən səyyar qəbul-görüşlərin məqsədi vətəndaşları narahat edən məsələləri bilavasitə yerində öyrənmək və onların rastlaşdıqları problemləri vaxtında aradan qaldırmaqdır.
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovun təsdiq olunmuş qrafikə uyğun olaraq növbəti səyyar qəbul-görüşü Cəmilli kənd İƏD üzrə nümayəndəliyin Cəmilli kəndində keçirilib.
Qəbulda Hüquq mühafizə orqanlarının rəhbərləri, YAP rayon təşkilatının sədri Eldar Əsədov, rayon Ağsaqqallar şurasının sədri Faiq Məmmədov, səhiyyə, təhsil, mədəniyyət, digər xidmət təşkilatlarının rəhbərləri, ərazi icra nümayəndəsi, bələdiyyə sədri və kənd sakinləri iştirak ediblər. Əvvəlcə icra başçısı şəhidlərin xatirəsinə ucaldılmış abidənin önünə gül-çiçək dəstələri düzüb, şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Rayon rəhbəri respublikamızda gedən sosial-iqtisadi inkişafın xalqımızın rifah halının yaxşılaşmasına təsirindən, həmçinin Cəmilli kəndində görülən işlərdən, sakinlərinin məşğuliyyətindən, kənddə mövcud olan sosial obyektlərin vəziyyətindən, rayonun sosial-iqtisadi inkişafı, əhalini narahat edən problemlərin həlli istiqamətində həyata keçirilən tədbirlərdən də danışıb, bildirib ki, əhali fasiləsiz olaraq işıq, qaz və su ilə təmin olunur.
Qeyd olunub ki, Cəmilli kəndinin 460 hektar ərazisi, 344 təsərrüfatı, 1639 nəfər əhalisi var. Ərazidə 1 məktəb, 1 tibb məntəqəsi, 1 kitabxana, 2 ticarət obyekti, 1 iaşə obyekti, 2 məişət obyekti faəliyyət göstərir. Kənd sakinləri əkinçilik və maldarlıqla məşğul olurlar. Sakinlər 610 baş iribuynuzlu, 1102 baş xırdabuynuzlu heyvan, 4800 baş quş, 75 arı ailəsi saxlayırlar.
Son üç ildə Cəmilli kəndində kənd arası yollar 3000 metr təmir olunub, su arxları 8000 metr məsafədə lildən təmizlənib, kənd ərazisində 1000 ədəd çəkil, 100 ədəd eldar şamı, 300 ədəd müxtəlif növ ağaclar əkilib, yol kənarları alaq otlarından təmizlənərək səliqə-səhmana salınıb.
Rayon rəhbəri sakinlərə Elektron Hökumət Portalı tərəfindən yaradılmış Rəqəmsal İcra Hakimiyyəti platforması barədə məlumat verərək, xidmətin əlçatanlıq və üstünlüklərini qeyd edib və https://rih.gov.az/ platformasından istifadə etmələrini tövsiyə edib. Erkən nikah və onun fəsadlarından söhbət açıb, əlaqədar qurumları, hər kəsi erkən nikaha, narkotok və psixotrop maddələrdən istifadəyə qarşı mübarizəyə çağırıb, bu sahədə güclü maarifləndirmə işlərinin aparılmasına ehtiyac olduğunu bildirib.
Sonra söz sakinlərə verilib.
Kənd sakinlərindən Ofeliya Salmanova ünvanlı sosial yardım almasına köməklik olunması, Xaləddin Qasımov qonşusu ilə aralarında olan yol mübahisəsi, Füzuli Mahmudov kənddə əlavə içməli su bulaqlarının quraşdırılması və digər məsələlər barədə müraciət ediblər.
Qaldırılan məsələlər ilə əlaqədar rayon rəhbəri tərəfindən əlaqədar şəxslərə aidiyyəti tapşırıqlar verilib.
Qəbulda iştirak edən sakinlər onların problemlərinin həllinə həssaslıqla yanaşıldığına, şəhid ailələri və qazilərə göstərilən diqqət va qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.