Şriftin ölçüsü :

Saytın rəngi :

Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovun növbəti səyyar-qəbul görüşü Buruc kəndində keçirilib

22 may 2025 | 14:17

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyyələrinə uyğun olaraq mütəmadi surətdə bölgələrdə icra başçılarının səyyar qəbul görüşləri keçirilir. Keçirilən səyyar qəbul-görüşlərin məqsədi vətəndaşları narahat edən məsələləri bilavasitə yerində öyrənmək və onların rastlaşdıqları problemləri vaxtında aradan qaldırmaqdır.

Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovun təsdiq olunmuş qrafikə uyğun olaraq növbəti səyyar qəbul-görüşü Buruc kənd İƏD üzrə nümayəndəliyin Buruc kəndində keçirilib.

Qəbulda Prezident Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin sektor müdiri Emin Eyvazov, hüquq-mühafizə orqanlarının rəhbərləri, YAP rayon təşkilatının  və rayon Ağsaqqallar Şurasının sədrləri, səhiyyə, təhsil, mədəniyyət, digər xidmət təşkilatlarının rəhbərləri, ərazi icra nümayəndəsi, bələdiyyə sədri və kənd sakinləri iştirak ediblər. Əvvəlcə məktəbdə şəhidlər guşəsinin önünə gül dəstələri düzülüb, şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Rayon rəhbəri respublikamızda gedən sosial-iqtisadi inkişafın xalqımızın  rifah halının yaxşılaşmasına təsirindən, həmçinin Buruc kəndində görülən işlərdən, sakinlərinin məşğuliyyətindən, kənddə mövcud olan sosial obyektlərin vəziyyətindən, rayonun sosial-iqtisadi inkişafı, əhalini narahat edən problemlərin həlli istiqamətində həyata keçirilən tədbirlərdən də danışıb, bildirib ki, əhali fasiləsiz olaraq işıq, qaz və su ilə təmin olunur.

Qeyd olunub ki, Buruc kəndinin 703 hektar ərazisi, 303 təsərrüfatı, 1208 nəfər əhalisi var. Ərazidə 1 məktəb, 1 körpələr evi uşaq bağçası,  1 tibb məntəqəsi, 1 mədəniyyət evi, 1 kitabxana, 3 ticarət obyekti faəliyyət göstərir. Kənd sakinləri əkinçilik və maldarlıqla məşğul olurlar. Sakinlər 635 baş iribuynuzlu, 570 baş xırdabuynuzlu heyvan, 3230 baş quş, 60 arı ailəsi saxlayırlar.

Son üç ildə Buruc kəndində su arxları 5.5 km məsafədə lildən təmizlənib, kənd ərazisində 250 ədəd çəkil tingi, 200 ədəd müxtəlif növ ağaclar əkilib, yol kənarları alaq otlarından təmizlənərək səliqə-səhmana salınıb.

Rayon rəhbəri sakinlərə Elektron Hökumət Portalı tərəfindən yaradılmış Rəqəmsal İcra Hakimiyyəti platforması barədə məlumat verərək, xidmətin əlçatanlıq və üstünlüklərini qeyd edib və https://rih.gov.az/ platformasından istifadə etmələrini tövsiyə edib. Erkən nikah və onun fəsadlarından söhbət açıb, əlaqədar qurumları, hər kəsi erkən nikaha, narkotok və psixotrop maddələrdən istifadəyə qarşı mübarizəyə çağırıb, bu sahədə güclü maarifləndirmə işlərinin aparılmasına ehtiyac olduğunu bildirib.

Qəbulda çıxış edən Prezident Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin sektor müdiri Emin Eyvazov qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən, ölkəmizdə vətəndaşların rifahının yaxşılaşdırılması, onların dövlət orqanlarına əlçatanlığının təmin olunması, müraciətlərinə operativ reaksiya verilməsi istiqamətində mühüm addımlar atılır. Bu istiqamətdə keçirilən səyyar qəbulların əsas məqsədi də vətəndaşların birbaşa müraciətlərini dinləmək və mövcud problemləri yerindəcə araşdırmaqdır.

Sonra söz sakinlərə verilib. Kənd sakinlərindən Halay Nəcəfov yaşadığı küçənin elektrik xəttinin təmiri, Fizuli Yusibov kəndə gələn suvarma arxlarının lildən təmizlənməsi, Hikmət Abbasov kənd qəbiristanlığına gedən yolun təmir olunması və digər məsələlər barədə müraciət ediblər.

Qaldırılan məsələlər ilə əlaqədar rayon rəhbəri tərəfindən əlaqədar şəxslərə aidiyyəti tapşırıqlar verilib.

Qəbulda iştirak edən sakinlər onların problemlərinin həllinə həssaslıqla yanaşıldığına, şəhid ailələri  və qazilərə  göstərilən diqqət va qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.

Keçidlər