Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovun növbəti səyyar-qəbul görüşü Buruc kəndində keçirilib
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyyələrinə uyğun olaraq mütəmadi surətdə bölgələrdə icra başçılarının səyyar qəbul görüşləri keçirilir. Keçirilən səyyar qəbul-görüşlərin məqsədi vətəndaşları narahat edən məsələləri bilavasitə yerində öyrənmək və onların rastlaşdıqları problemləri vaxtında aradan qaldırmaqdır.
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovun təsdiq olunmuş qrafikə uyğun olaraq növbəti səyyar qəbul-görüşü Buruc kəndində keçirilib.
Qəbulda YAP Tərtər rayon təşkilatının sədri Eldar Əsədov, səhiyyə, təhsil, mədəniyyət, digər xidmət təşkilatlarının rəhbərləri, ərazi icra nümayəndəsi, bələdiyyə sədri və kənd sakinləri iştirak ediblər.Əvvəlcə icra başçısı məktəbdə şəhidlərin xatirəsinə həsr olunmuş xatirə lövhəsinin önünə gül-çiçək dəstələri düzüb, şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Rayon rəhbəri respublikamızda gedən sosial-iqtisadi inkişafın xalqımızın rifah halının yaxşılaşmasına təsirindən, həmçinin Buruc kəndində görülən işlərdən, sakinlərinin məşğuliyyətindən, kənddə mövcud olan sosial obyektlərin vəziyyətindən, rayonun sosial-iqtisadi inkişafı, əhalini narahat edən problemlərin həlli istiqamətində həyata keçirilən tədbirlərdən də danışıb, bildirib ki, əhali fasiləsiz olaraq işıq, qaz və su ilə təmin olunur.
Qeyd olunub ki, Buruc kəndinin 537 hektar ərazisi, 291 təsərrüfatı, 1253 nəfər əhalisi var. Ərazidə 1 məktəb, 1 kitabxana, 2 ticarət oyekti, 1 iaşə obyekti obyekti faəliyyət göstərir. Kənd sakinləri əkinçilik və maldarlıqla məşğul olurlar. Sakinlər 483 baş iribuynuzlu, 580 baş xırdabuynuzlu heyvan, 3120 baş quş, 92 arı ailəsi saxlayırlar.
Son üç ildə Buruc kəndində kəndarası yollar təmir edilib, su arxları 6,5 km məsafədə lildən təmizlənib, qəbristanlıq yolu 1 km təmir edilib, yol kənarları alaq otlarından təmizlənərək səliqə-səhmana salınıb.
Rayon rəhbəri sakinlərə Elektron Hökumət Portalı tərəfindən yaradılmış Rəqəmsal İcra Hakimiyyəti platforması barədə məlumat verərək, xidmətin əlçatanlıq və üstünlüklərini qeyd edib və https://rih.gov.az/ platformasından istifadə etmələrini tövsiyə edib. Erkən nikah və onun fəsadlarından söhbət açıb, əlaqədar qurumları, hər kəsi erkən nikaha, narkotok və psixotrop maddələrdən istifadəyə qarşı mübarizəyə çağırıb, bu sahədə güclü maarifləndirmə işlərinin aparılmasına ehtiyac olduğunu bildirib.
Sonra söz sakinlərə verilib.
Kənd sakinlərindən Çərkəz Musayev həyətyani torpaq sahəsinin ayrılması, Hikmət Abbasov evinin qarşısından keçən avtomobil yoluna maneənin quraşdırılması və suvarma arxının təmizlənməsi, Baloğlan Əliyev pambıq sahəsinin suvarılması ilə bağlı müraciət ediblər.Qaldırılan məsələlərin bəziləri yerində həll olunub, bir qismi nəzarətə götürülüb, rayon rəhbəri tərəfindən əlaqədar qurumlara aidiyyəti tapşırıqlar verilib.
Qəbulda iştirak edən sakinlər onların problemlərinin həllinə həssaslıqla yanaşıldığına, şəhid ailələri və qazilərə göstərilən diqqət va qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.