Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovun müəllimlərə təbriki:
Əziz müəllimlər!
Sizi 5 oktyabr - Beynəlxalq Müəllimlər günü münasibəti ilə səmimi qəlbdən təbrik edirəm. Sizə uzun ömür, can sağlığı, gənc nəslin təlim-tərbiyəsində uğurlar diləyirəm. Oktybarın 5-ni dünyanın 100-dən artıq ölkəsində müəllimlər peşə bayramı kimi qeyd edir. Azərbaycanda isə Müəllimlər günü 1993-cü ildən Ulu Öndərin sərəncamı ilə qeyd olunur. Ulu Öndər müəllim əməyinə həmişə yüksək qiymət verirdi. O deyirdi: “Mən dünyada müəllimdən şərəfli ad tanımıram”.
Ulu Öndərin siyasi kursunun ən layiqli davamçısı Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev isə müəllimləri hər bir cəmiyyətin elitası adlandırıb.
Bu il tərtərli müəllimlərin əməyi nəticəsində rayonumuzdan 285 nəfər ali məktəbə daxil olub, o cümlədən 5 nəfər Polis Akademiyasına, 7 nəfər Qarabağ Universitetinə, 5 nəfər isə Cəmşid Naxçıvanski adına liseyə qəbul olunub. Onlardan 9 nəfər 600-dən, 33 nəfər isə 500-600 arası bal toplamışlar. 600-dən yuxarı bal toplayanların sayı ötən illə müqayisədə 3, 500-600 arası bal toplayan məzunların sayı isə 12 nəfər artmışdır.
Müəllimlərimizin əməyi həmişə dövlətimiz tərəfindən yüksək qiymətləndirilib. Qabaqcıl müəllimlərimizə fəxri adlar verilir, qəbul imtahanlarında 600-dən yuxarı bal toplayan tələbələrə Prezident təqaüdü təyin edilir. Rayonumuzun onlarla “Əməkdar”, “Tərəqqi” medallı müəllim var. Bütün bunlar qürurvericidir. Müəllimlərimiz daim öz üzərində işləyir, yeniliklərə açıq olur, öz bilik və bacarıqlarını təkmilləşdirirlər.
Əziz müəllimlər!
Bir daha Sizi peşə bayramınız münasibəti ilə təbrik edir, Sizə fədakar əməyinizə görə təşəkkürümü bildirir, şərəfli işinizdə və gələcək fəaliyyətinizdə uğurlar diləyirəm. İnanıram ki, müəllimlərimiz bundan sonra da vəzifələrinin öhdəsindən layiqincə gələcək, təhsilin bütün pillələrində keyfiyyətin yüksəldilməsi, ölkədə müasir təhsil sisteminin qurulması və insan kapitalının formalaşmasına töhfələr verəcək, gənc nəsli vətənpərvərlik, milli-mədəni irsə bağlı və azərbaycançılıq məfkurəsi uğrunda yetişdirəcək, yüksək peşəkarlığa və səriştəliyə malik, rəqabətədavamlı mütəxəssislər hazırlanması üçün əzmlə çalışacaqlar.