Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovun müəllimlərə təbriki:
Əziz müəllimlər!
Sizi 5 oktyabr Beynəlxalq Müəllimlər günü münasibəti ilə təbrik edirəm. Sizə uzun ömür, can sağlığı, gənc nəslin təlim-tərbiyəsində uğurlar diləyirəm.
Oktybarın 5-ni dünyanın 100-dən artıq ölkəsində müəllimlər peşə bayramı kimi qeyd edir. Azərbaycanda isə Müəllimlər günü 1993-cü ildən Ulu Öndərin sərəncamı ilə qeyd olunur.
Ulu Öndər müəllim əməyinə həmişə yüksək qiymət verirdi. O deyirdi: “Mən dünyada müəllimdən şərəfli ad tanımıram”.
Ulu Öndərin siyasi kursunun ən layiqli davamçısı Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev isə müəllimləri hər bir cəmiyyətin elitası adlandırıb.
Bu il tərtərli müəllimlərin əməyi nəticəsində rayonumuzdan 302 nəfər ali məktəbə daxil olub. 7 nəfər 600-dən, 23 nəfər isə 500-dən yuxarı bal toplayıb.
Müəllimlərimizin əməyi həmişə dövlətimiz tərəfindən yüksək qiymətləndirilib. Qabaqcıl müəllimlərimizə fəxri adlar verilir, qəbul imtahanlarında 600-dən yuxarı bal toplayan tələbələrə Prezident təqaüdü təyin edilir.
Rayonumuzun 10 nəfər “Əməkdar”, 7 nəfər “Tərəqqi” medallı müəllimi var.
Bu il isə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə şəhər 1 saylı tam orta məktəbin müəllimi Abbasova Zahirə Köçəri qızı “Əməkdar müəllim” adına, Umudlu kənd tam orta məktəbin müəllimi İsmayılova Elmira İlqar qızı isə “Tərəqqi” medalına layiq görülüb. Bütün bunlar qürurvericidir.
Müəllimlərimiz daim öz üzərində işləməli, yeniliklərə açıq olmalı, öz bilik və bacarıqlarını təkmilləşdirməlidirlər.
Əziz müəllimlər! Bir daha Sizi peşə bayramınız münasibəti ilə təbrik edir, Sizə fədakar əməyinizə görə təşəkkürümü bildirir, şərəfli işinizdə və gələcək fəaliyyətinizdə uğurlar diləyirəm.