Tərtər Rayon İcra Hakimiyyətinin Başçısı Müstəqim Məmmədovun 8 noyabr-Zəfər günü münasibəti ilə rayon sakinlərinə təbriki
Əziz tərtərlilər!
Sizi və Sizin şəxsinizdə bütün Azərbaycan xalqını Müzəffər Ali Baş komandan, qalib sərkərdə cənab İlham Əliyevin rəhbərliyi altında düşmən üzərində qazanılan şanlı Zəfər münasibəti ilə səmimi qəlbdən təbrik edirəm. Qazanılan qələbə hər kəsi qürurlandırır. Çünki 30 ildən sonra vətənimizin ərazi bütövlüyü bərpa olunub. Hər zaman sözünün sahibi olan Ali Baş Komandan cənab İlham Əliyev nəyi, nə vaxt, necə edəcəyini öz dediyi kimi hamıdan yaxşı bilir.
Dövlət rəsmiləri “Tərtər erməni nasizminə qarşı Azərbaycanın Stalinqiradıdır”,-dedilər.
Bəli, Tərtər müharibədə ən çox ziyan çəkən rayon idi. Vətən müharibəsi zamanı Tərtər şəhərinə və rayonun yaşayış məntəqələrinə erməni terrorçuları tərəfindən 16277 top, tank, qrad mərmisi, 21 qadağan olunmuş raket atılıb. Nəticədə rayonun infrastrukturuna, yüzlərlə yaşayış evlərinə, sosial obyektlərinə, o cümlədən 12 körpələr evi-uşaq bağçasına, 16 ümumtəhsil məktəbinə, İlk Peşə İxtisas Məktəbinə, Gənclər Mərkəzinə, 10 tibb, 7 mədəniyyət müəssisəsinə, 1 məscidə, inzibati binalara, nəqliyyat vasitələrinə, kənd təsərrüfatına güclü ziyan dəyib, dağıntılar olub.
Dinc əhali 16 mülki şəhid verib, 63 nəfər isə yaralanıb.
Şükürlər olsun ki, müharibədən alnıaçıq, üzü ağ çıxdıq. Tərtər hər kəsin gözündə qəhrəman şəhərə çevrildi. Bu gün Zəfər günündə canından keçən şəhidlərimizi, sağlamlıqlarını itirən qazilərimizi anır, onlarla qürur duyuruq. Şəhidlərimiz and yerimizdir. İgid oğullar böyüdən analar qarşısında baş əyirik.
Bir daha bütün qəhrəman tərtərliləri 8 noyabr-Zəfər günü münasibəti ilə səmimi qəlbdən təbrik edirəm. Şəhidlərimizə Ulu Tanrıdan rəhmət, qazilərimizə cansağlığı arzulayıram.
Biz birlikdə güclüyük! Qarabağ Azərbaycandır! Azərbaycan torpağını qanları ilə Vətənə çevirən igid oğullarımızla fəxr edirik!