Şriftin ölçüsü :

Saytın rəngi :

Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovun 31 dekabr-Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il Bayramı münasibəti ilə tərtərlilərə T Ə B R İ K İ

30 dekabr 2024 | 16:15

Əziz tərtərlilər!

Hörmətli şəhid ailələri və qazilər!

Sizi 31 dekabr- Dünya Azərbaycanlılarının Həmrəyliik günü, Yeni təqvim ilinin başlanması  münasibəti ilə səmimi qəlbdən təbrik edir, uzun ömür, can sağlığı, əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş müstəqil  Azərbaycanımızın respublika prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında tərəqqi və inkişafı namınə  işlərinizdə uğurlar diləyirəm.

Yola saldığımız 2024-cü il - “Yaşıl dünya naminə həmrəylik ili” bütün ölkəmiz üçün uğurlu oldu.

Respublikamızın hər yerində olduğu kimi rayonumuzda da “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində onlarla ətraf mühitin təmiz saxlanması ilə bağlı maarifləndirmə tədbirləri, “dəyirmi masa”lar, yazı müsabiqələri, əl işlərindən, rəsmlərdən, fotolardan, kitablardan ibarət sərgilər, iməciliklər, ağacəkmə aksiyaları keçirildi, rayonumuzda magistral yol kənarlarına, parklara minlərlə ağac əkildi, yaşıllıq zolaqları salındı.

Rayonumuza gələn qonaqlar da tərtərlilərlə birlikdə agacəkmə aksiyalarında həvəslə iştirak etdilər.

Bildiyiniz kimi Azərbaycan ətraf mühitin mühafizəsinə və iqlim dəyişmələrinin fəsadlarının aradan qaldırılması məsələlərinə xüsusi önəm verir və bu istiqamətdə mühüm işlər görür. Dünyada ən irimiqyaslı və mötəbər tədbirlərdən biri hesab edilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) yekdil qərarla ölkəmizin ev sahibliyi etməsi bunun bariz nümunəsidir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin qeyd etdiyi kimi, bu, beynəlxalq ictimaiyyətin ölkəmizə böyük hörmətinin və etimadının göstəricisidir.

Ötən ildən artıq işğaldan azad olmuş ərazilərə böyük qayıdış başlayıb. Sözsüz ki, ölkə rəhbərinin diqqət və qayğısı ilə həmin ərazilər yenidən gülüstana çevriləcək, işğaldan azad edilmiş ərazilərdə aparılan geniş tikinti-abadlıq, quruculuq işləri həmin ərazilərin xoşbəxt gələcəyindən xəbər verir.

2024-cü il tərtərlilər üçün uğurlu olub.

Taxılçılarımız 3712 hektar sahədə taxıl becərib, 11628,7 ton  məhsul əldə ediblər. Orta məhsuldarlıq buğda üzrə 31,3 sentner, arpa üzrə 29,5 sentner olub.

Pambıqçılıq kənd təsərrüfatının gəlirli sahəsidir. Bu il rayonumuzun pambıqçıları əkdikdikləri 2436,5 hektar sahədən 7013,29 ton “ağ qızıl” götürüblər ki, bu da ötən ildəkindən 1078 ton çoxdur. Hazırda pambıq yığımı davam edir.

Rayonumuzun kümçüləri də ipəkçiliyin inkişafında fəallıq göstəriblər. Onlar 2024-cü ildə 300 qutudan  dövlətə 9272 ton barama təhvil veriblər. 2024-cü ildə rayonda 163,2 hektar sahədən fiziki çəkidə 3883,7 ton şəkər çuğunduru götürülüb.

2024-cü ildə sevincli günlərimizlə yanaşı kədərli  günlərimiz də oldu Azərbaycana məxsus sərnişin  təyyarəsinin dekabrın 25-də qəzaya uğraması bütün xalqımızı sarsıtdı. Respublika Prezidenti cənab İlham Əliyevin  sərəncamı ilə 26 dekadr matəm günü kimi təqvimə düşdü. Qəzada həlak olanların ailəsinə dərin hüznlə başsağlığı verir, onlara Ulu Tanrıdan rəhmət diləyirik.

Əziz tərtərlilər, qarşıdan yeni il gəlir.

Azərbaycan Respublikası Prezidentinin 28 dekabr 2024-cü il tarixli  Sərəncamı ilə konstitusiyamızın bəyan etdiyi niyyətlərdən biri kimi ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpa olunduğunu, 2025-ci ildə Konstitusiyamızın qəbul edilməsinin 30-cu və Vətən müharibəsində qələbəmizin 5-ci ildönümünü nəzərə alaraq, Azərbaycan Respublikasında 2025-ci il “Konstitusiya və Suverenlik İli” elan  edilib.

1991-ci il oktyabrın 18-də qəbul edilmiş “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktında yeni Konstitusiyanın hazırlanması nəzərdə tutulsa da, bu, Ümummilli Lider Heydər Əliyevin yalnız 1993-cü ildə xalqın tələbi ilə yenidən hakimiyyətə gəlməsindən sonra mümkün olmuş, Ulu Öndərin bilavasitə rəhbərliyi ilə 1995-ci il noyabrın 12-də qəbul olunmuş Azərbaycan Respublikasının ilk Konstitusiyası ölkəmizdə genişmiqyaslı qanunvericilik və institusional islahatların əsasını təşkil edib. Konstitusiyanın preambulasında Azərbaycanın dövlət müstəqilliyinin, suverenliyinin və ərazi bütövlüyünün qorunması başlıca niyyətlərdən biri kimi bəyan edilmişdir. Lakin Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində torpaqlarımızın 20 faizinin 30 ilə yaxın işğal altında qalması Azərbaycan Respublikasının suveren hüquqlarının həmin ərazilərdə tətbiqinə imkan verməmişdir. Ermənistanın işğalçılıq siyasətinə son qoyulması və ölkəmizin ərazi bütövlüyünün, suverenliyinin bərpa edilməsi Azərbaycan xalqının milli ideyasının əsas məqsədlərindən birinə çevrilmiş, cəmiyyətimizin bütün resursları bu taleyüklü vəzifənin həllinə yönəldilmişdir.

2020-ci il sentyabrın 27-də başlamış Vətən müharibəsində tarixi  zəfərimiz və 2023-cü il sentyabrın 19–20-də həyata keçirilmiş uğurlu antiterror əməliyyatı nəticəsində ölkəmizin ərazi bütövlüyü və suverenliyi tam bərpa edilmiş, Azərbaycan Konstitusiyasının hüquqi qüvvəsi işğalın aradan qaldırıldığı bütün ərazilərdə bərqərar olmuşdur. Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 19 sentyabr tarixli 294 nömrəli Sərəncamına əsasən, sentyabrın 20-si Azərbaycan Respublikasında Dövlət Suverenliyi Günü elan edilmişdir.

Bu gün Azərbaycan Respublikası Konstitusiyanın tələblərinə və öz suveren hüquqlarına əsaslanaraq, qarşıda duran strateji hədəflərə doğru inamla irəliləyir.

İnanırıq ki, Yeni ildə birlikdə yeni uğurlara imza atacağıq.

Yeri gəlmişkən Ali Baş Komandanın bu sözlərini yada salmaq istəyirəm:

“Dəmir yumruq” bizim Zəfər salnaməmizin rəmzi idi. Bu gün, eyni zamanda, “Dəmir yumruq” birliyimizin rəmzidir. Azərbaycan xalqını, bütün dünya azərbaycanlılarını əmin etmək istəyirəm ki, “Dəmir yumruq” hər zaman yerində olacaq.”

İnanırıq  ki, qarşıdan gələn 2025-ci  il də bizim  xalqımız, dövlətimiz üçün əlamətdar olacaq. Ermənistandan zorla çıxarılan Qərbi azərbaycanlılar da öz ata-baba yurdlarına qayıdacaqlar.

Müstəqil Azərbaycanımızın işğaldan azad edilmiş torpaqları, erməni vandalizminə məruz qalmış şəhər və kəndləri Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın dəstəyi ilə bərpa ediləcək. Azərbaycan xalqı Vətən müharibəsində olduğu kimi, bərpa illərində də birlik nümayiş etdirəcək.

Əziz tərtərlilər, bir daha Sizi dünya Azərbaycanlıların Həmrəyliyi günü və Yeni təqvim ilinin  başlanması münasibəti ilə təbrik edir, şəhidlərimizin ruhu qarşısında baş əyir, qazilərimizə can sağlıqı arzulayıram.

Allahdan Ümummilli liderə rəhmət, onun bizə əmanət etdiyi  oğlu Respublika Prezidenti, Müzəffər Ali Baş Komandan, qalib sərkərdə İlham Əliyevə isə cansağlığı arzulayırıq. Tərtərlilər ölkə rəhbərini dəstəkləyir, həmişəki kimi öz Prezidentlərinin yanındadırlar.

Bayramlarınız mübarək!

Keçidlər