Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov “Əməkdar müəllim” Fazilə Kərimovanı 65 illik yubileyi münasibətilə ziyarət edib
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov “Əməkdar müəllim” Kərimova Fazilə Ənvər qızını 65 illik yubileyi münasibətilə ziyarət edib, onu əlamətdar gün münasibətilə təbrik edərək xoş arzularını çatdırıb.
Ziyarətdə Yeni Azərbaycan Partiyası Tərtər Rayon Təşkilatının sədri Eldar Əsədov, Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Tərtər və Ağdərə rayon Komitəsinin sədri, Tərtər şəhər İƏD üzrə nümayəndə və Tərtər bələdiyyəsinin sədri iştirak ediblər.
Görüş zamanı Fazilə Kərimovanın uzun illər ərzində təhsil sahəsində göstərdiyi səmərəli fəaliyyəti, gənc nəslin təlim-tərbiyəsindəki xidmətləri, Azərbaycan dili və ədəbiyyat fənlərinin tədrisinə verdiyi töhfələr xüsusi vurğulanıb.
Qeyd olunub ki, müəllimlik peşəsi böyük məsuliyyət, fədakarlıq və zəhmət tələb edən müqəddəs bir sənətdir. Ömrünü maarifçilik işinə həsr edən, şagirdlərinə milli-mənəvi dəyərləri, ana dilimizə və ədəbiyyatımıza sevgi aşılayan müəllimlərin əməyi hər zaman yüksək qiymətə layiqdir.
İcra başçısı yubilyara möhkəm cansağlığı, uzun ömür, ailə səadəti və xoş günlər arzulayıb, ona gül dəstəsi və Fəxri fərman təqdim edib.
Əməkdar müəllim ölkəmizdə təhsil işçilərinə, ziyalılara və ağsaqqal nəslin nümayəndələrinə göstərilən diqqət və qayğının yüksək dəyər daşıdığını vurğulayıb, göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin minnətdarlığını bildirib.






