Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov Birinci Qarabağ müharibəsi şəhidi Kərimov Sabir Umud oğlunun övladı Səbuhini və nəvəsi Kərimli Məhəmmədi qəbul edib.
16 noyabr 2025 | 09:07
Məhəmməd bu il şəhər 3 nömrəli ümumi orta məktəbi bitirərək, Cəmşid Naxşıvanski adına Hərbi Liseyə qəbul olub.
Məhəmmədin iki əmisi hərbçidir. Əmisi Umud ehtiyatda olan polkovnik leytenant, digər əmisi Vətən müharibəsi veteranı Daşqın isə Heydər Əliyev adına Hərbi İnstitutda işləyir.
Rayon rəhbəri şəhid ailəsinin qayğıları ilə maraqlanaraq,Məhəmmədə öz tövsiyyələrini verib.
Məlumat üçün bildiririk ki,Məhəmmədin babası Birinci Qarabağ müharibəsi şəhidi Kərimov Sabir Umud oğlu 4 iyul 1951-ci il tarixdə Tərtər rayonunun Hacıqərvənd kəndində anadan olub. Orta təhsilini Hacıqərvənd kənd orta məktəbində aldıqdan sonra Gəncə Politexnik Texnikumuna daxil olub. 1972-ci ildə həmin texnikumun inşaatçı ixtisası üzrə tam kursunu bitirib, 1972-ci ildən 1992-ci ilədək Tərtər rayon 18 saylı Yol Tikinti İdarəsində işləyib.
Sabir Kərimov 1992-ci il oktyabr ayının 8-də Ağdərə rayonunda (keçmiş Mardakert) erməni hücumu nəticəsində şəhid olmuşdur. O, Hacıqərvənd kənd qəbiristanlığında dəfn edilmişdir.
Onun Umud, Səbuhi, Xaləddin, Coşqun və Daşqın adlı beş oğlu Vətənə əmanət qalıb.
Şəhidin oğlu Səbuhi Kərimov şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə Respublika prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlığını bildirib.






