Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov azyaşlı şəhid övladlarını qəbul edib
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov vətən müharibəsi şəhidlərinin oktyabrın 1-də məktəbəhazırlıq qruplarına gedəcək azyaşlı övladları ilə görüşüb.
Görüş zamanı icra başçısı uşaqları ilk tədris ilinin başlanması münasibətilə təbrik edib, onlara uğurlar arzulayıb. Qeyd olunub ki, dövlətimizin həyata keçirdiyi sosial siyasətin mühüm istiqamətlərindən biri şəhid ailələrinin daim diqqətdə saxlanılması, onların övladlarının təhsilinə və gələcəyinə xüsusi qayğı göstərilməsidir.
Müstəqim Məmmədov balacalara məktəbli çantası və ləvazimatları hədiyyə edərək, onların təhsilə maraqla başlamasına və məktəb mühitinə daha tez uyğunlaşmasına dəstək göstərib. Bildirilib ki, uşaqların bilikli və savadlı böyüməsi, vətənpərvərlik ruhunda formalaşması üçün hərtərəfli şərait yaradılır.
Görüşdə həmçinin şəhid ailələrinin sosial rifahı ilə bağlı məsələlərə toxunulub, onların qayğılarının həlli istiqamətində müvafiq tapşırıqlar verilib.






