Tərtər Rayon İcra Hakimiyyətinin başçısı fermer Elbrus Salahova məxsus heyvandarlıq təsərrüfatına baxış keçirib
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin cari ilin 25 may tarixində kənd təsərrüfatının inkişafı ilə bağlı keçirdiyi müşavirədə verdiyi tapşırıqların icrasını təmin etmək, aqrar və su təsərrüfatı sahəsində aparılan yeniliklərlə yaxından tanış olmaq, həmçinin “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”ndan irəli gələn vəzifələrin rayonda uğurlu icrasını təşkil etmək məqsədilə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov rayonun Poladlı kəndində "Azərbaycan Bayrağı" ordenli Elnur Salahovun atası fermer Elbrus Salahovun heyvandarlıq təsərrüfatında olub.
Rayon rəhbəri fermerlə birlikdə heyvandarlıq təsərrüfatına baxış keçirib, təsərrüfatın gələcək fəaliyyət istiqamətləri və istehsal potensialının genişləndirilməsi imkanları barədə geniş fikir mübadiləsi aparıb.
Tanışlıq zamanı rayon rəhbərinə təsərrüfatın fəaliyyəti, heyvandarlıq sahəsində görülən işlər, mal-qaranın saxlanılması üçün yaradılmış şərait, yem bazasının təşkili və istehsal imkanları barədə ətraflı məlumat verilib. Bildirilib ki, hazırda təsərrüfatda 75 baş iribiynuzlu mal saxlanılır.
Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov rayonda kənd təsərrüfatının daha da dinamik inkişaf etdirilməsi, daxili bazarın yerli heyvandarlıq məhsulları ilə təmin olunması və fermerlərin dövlət tərəfindən yaradılan subsidiyalardan, güzəştli kreditlərdən səmərəli istifadə etməsinin vacibliyini qeyd edib. Rayon rəhbəri bildirib ki, dövlət proqramına uyğun olaraq rayonda məhsuldarlığın artırılması, cins tərkibinin yaxşılaşdırılması və müasir suvarma sistemlərinin tətbiqi prioritet hədəflərdir.
Eyni zamanda, rayon rəhbəri aqrar sığortanın dövlət tərəfindən dəstəklənməsinin fermerlərin iqlim risklərindən və təbii fəlakətlərdən qorunmasında müstəsna rolunu bir daha vurğulayaraq, bütün fermerləri və torpaq mülkiyyətçilərini öz təsərrüfatlarını vaxtında sığortalamağa çağırıb.
Əlavə olaraq qeyd edək ki, hazırda rayon üzrə ümumilikdə 33 min 334 baş iribiynuzlu mal-qara mövcuddur ki, onlardan da 13 min 490 başını inək və camışlar (ana mal) təşkil edir. Rayonda xırda buynuzlu heyvanların sayı isə 42 min 208 başdır. Onların 41 min 358 başı qoyun, 850 başı isə keçilərdən ibarətdir. Ötən il rayonda 3731,6 ton ət (kəsilmiş çəkidə), 25588,8 ton isə süd istehsal edilib.
Sonda fermer Elbrus Salahov kənd təsərrüfatının inkişafına, bölgələrdə sahibkarlara göstərilən yüksek diqqət və qayğıya görə ölkə başçısı cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin minnətdarlığını bildirib.






