Tərtər Rayon İcra Hakimiyyətinin başçısı cənab Müstəqim Məmmədovun tərtərlilərə Novruz Təbriki
Çox hörmətli şəhid ailələri, qazilər,
Əziz qəhrəman tərtərlilər!
Sizi və sizin şəxsinizdə bütün Azərbaycan xalqını Novruz bayramı münasibətilə səmimi qəlbdən təbrik edirəm! Sizə cansağlığı, xoşbəxtlik, əmin-amanlıq arzulayıram!
Novruz bayramı əsrlərin sınağından çıxmış, ta bu günədək gəlib çatmış milli-mənəvi dəyərlərimizi, adət-ənənələrimizi özündə yaşadan Milli Bayramımızdır. Xalqımız uzun illərdir ki, qədim adət-ənənələri özündə yaşadaraq nəsildən-nəsilə ötürür, Novruzun gəlişini bayram edir.
1993-cü ildən Azərbaycan Respublikasının Prezidenti cənab Heydər Əliyevin sərəncamı ilə Novruz bayramı ölkəmizdə rəsmi dövlət bayramı kimi qeyd olunur. 2010-cu ildə isə Birləşmiş Millətlər Təşkilatının Baş Məclisi 21 mart tarixini “Beynəlxalq Novruz Günü” elan edib.
Ötən il Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyev Tərtər rayonunun işğaldan azad edilmiş Suqovuşan qəsəbəsindən, 2021 –ci ildə isə Şuşadan –Cıdır düzündən Azərbaycan xalqini təbrik edib, Bayram tonqalını yandırıb.
Cənab Prezident rayonumuzun Suqovuşan qəsəbəsindən Azərbaycan xalqını təbrik edərkən belə deyib: “İkinci dəfədir ki, tarixi Zəfərimizdən sonra biz Novruz bayramını doğma Qarabağ diyarında qeyd edirik. Bilirəm, hər birimiz, xüsusilə keçmiş məcburi köçkünlər hər dəfə bayram ərəfəsində və bayram günlərində deyirdik ki, İnşallah, gələn il azad edilmiş torpaqlarda, Qarabağda Novruz bayramını qeyd edəcəyik və artıq bu, reallıqdır. İkinci dəfədir ki, bu gözəl bahar bayramını biz işğaldan azad edilmiş torpaqlarda qeyd edirik. Bu gün mən Novruz tonqalını burada - Suqovuşanda qaladım, qədim Azərbaycan diyarı olan Suqovuşanda. Keçən il isə Novruz bayramını mən Şuşa şəhərində, hər birimiz üçün əziz olan Cıdır düzündə qeyd etmişdim və Azərbaycan xalqına müraciət etmişdim. Şadam və xoşbəxtəm ki, artıq bu, bir ənənəyə çevrilib və Novruz bayramını biz burada, doğma Qarabağ diyarında qeyd edirik.”
Bu il isə Novruz Bayramını uzun illər yurd – yuvasından didərgin düşmüş rayonuimuzun Talış kəndinin sakinləri öz doğma ocaqlarında qarşılayırlar. İlkin mərhələdə 20 ailə yeni tikilmiş evlərə köçürülüb. Kənddə insanların yaşaması üçün hər cürə şərait yaradılıb, yeni məktəb, körpələr evi-uşaq bağçası, bank, poçt, ictimai iaşə obyektləri və sair istifadəyə verilib. Sakinlər işlə təmin olunublar.
Ali Baş Komandan cənab İlham Əliyevin sakinlərə göstərdiyi diqqət və qayğı onlarda böyük ruh yüksəkliyi yaradıb.
Bunun özü bir tarixdir, Prezidentimiz verdiyi vədə əməl etdi, biz ölkəmizin ərazi bütövlüyünü bərpa etdik. Biz Novruz bayramının tonqallarını Qarabağda catdıq, tarixi ərazilərimizə sahib çıxdıq, 30 ilə yaxın işğal altında olan torpaqlarımızı azad etdik, əcdadlarımızın ruhunu sevindirdik.
Müharibədə bütün nəsillərin nümayəndələri iştirak ediblər, qəhrəmanlıq göstəriblər. Amma hər kəs bilməlidir ki, əsas missiyanı cənab İlham Əliyevin dövründə yetişən gənclər yerinə yetiriblər, 2003-cü ildə uşaq olan gənclər yerinə yetiriblər. İlk növbədə, biz onlara borcluyuq, bütün Azərbaycan xalqına borcluyuq. Bütün xalqımız bu Qələbəni yaxınlaşdırdı. Azərbaycanımız bütövləşdi, biz bu gün qalib ölkənin azad vətəndaşlarıyıq.
Əziz qəhrəman tərtərlilər!
Bu gün Tərtər rayonu respublika Prezidenti cənab İlham Əliyevin diqqət və qayğısı altında böyüyür, inkişaf edir, tanınılmaz dərəcə də dəyişib gözəlləşir. Tərtərə və Tərtər rayonuna göstərilən diqqət və qayğıya görə tərtərlilər adından Respublika Prezidenti cənab İlham Əliyevə və respublikanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya öz minnətdarlığımızı bildiririk.
Əziz şəhid anaları, qazilər və bütün tərtərlilər!
Bir daha Sizi Novruz bayramı münasibəti ilə təbrik edirəm. Başımızın tacı olan şəhid analarımızın əlindən öpür, qazilərimizə can sağlığı arzulayıram, Dədə Qorqud təbirincə “çatılan tonqallarımız sönməsin”, deyirəm.
Novruz Bayramınız mübarək!