Tərtər Rayon İcra Hakimiyyətinin başçısı 27 Sentyabr – Anım Günü ilə əlaqədar Vətən müharibəsinin mülki şəhidi Həsən Məmmədovun ailəsini ziyarət edib
27 Sentyabr – Anım Gününün altıncı ildönümünün qeyd olunması ilə bağlı Tərtər Rayon İcra Hakimiyyətinin Tədbirlər Planına uyğun olaraq, Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov Tərtər Cümə məscidinin imamı Sadiq Cəfərovla birlikdə Tərtər şəhərində Vətən müharibəsinin mülki şəhidi Məmmədov Həsən Asif oğlunun ailəsini ziyarət edib, onların qayğıları ilə maraqlanıb.
Görüş zamanı Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov vurğulayıb ki, şəhid ailələrinə, qazilərə və veteranlara göstərilən hərtərəfli diqqət və qayğı Müzəffər Ali Baş Komandan, Prezident cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən həyata keçirilən dövlət siyasətinin əsas prioritetidir. Qeyd edib ki, dövlət başçısının tapşırığına əsasən, bu həssas təbəqədən olan insanların sosial problemlərinin operativ həlli bütün dövlət qurumlarının qarşısında duran ən başlıca vəzifələrdəndir.
İcra başçısı bildirib ki, 44 günlük Vətən müharibəsində torpaqlarımızın azadlığı uğrunda canından keçən qəhrəman övladlarımızın əziz xatirəsi Tərtərdə hər zaman uca tutulur. Şəhidlərimizin əmanəti olan ailələrin mənzil-məişət şəraitinin yaxşılaşdırılması, onların məşğulluq və digər sosial məsələlərinin həlli rayon İcra Hakimiyyəti tərəfindən hər zaman xüsusi diqqətdə saxlanılır.
Qeyd edək ki, Həsən Məmmədov 1981-ci ilin fevral ayının 1-də Tərtər rayonunun Qaynaq kəndində anadan olub.
Həsən Məmmədov Vətən müharibəsi zamanı Ermənistan silahlı qüvvələrinin Tərtər şəhərində yerləşən mülki yaşayış məntəqələrini, döyüş sahəsindən uzaqdakı mülki obyektləri ağır silahlardan atəşə tutması nəticəsində 6 oktyabr tarixində Azad Qaraqoyunlu kəndinin yaxınlığına düşən artilleriya mərmisi nəticəsində şəhid olub. Tərtərdə rayonunun Qaynaq kəndində dəfn olunub.
Ailəli idi. 3 övladı yadigar qalıb.
Şəhidin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz dərin minnətdarlıqlarını bildiriblər.






