Şriftin ölçüsü :

Saytın rəngi :

Tərtər Rayon İcra Hakimiyyətinin başçısı 27 Sentyabr – Anım Günü ilə əlaqədar Vətən müharibəsi şəhidi Mirşəmsi Babazadənin ailəsini ziyarət edib

24 sentyabr 2026 | 15:18

27 Sentyabr – Anım Gününün altıncı ildönümünün qeyd olunması ilə bağlı Tərtər Rayon İcra Hakimiyyətinin Tədbirlər Planına uyğun olaraq, Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, YAP Tərtər Rayon Təşkilatıın sədri Eldar Əsədovla birlikdə Mamırlı kəndində Vətən müharibəsi şəhidi Babazadə Mirşəmsi Elşad oğlunun ailəsini ziyarət edib, onların qayğıları ilə maraqlanıb.

Görüş zamanı Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov vurğulayıb ki, şəhid ailələrinə, qazilərə və veteranlara göstərilən hərtərəfli diqqət və qayğı Müzəffər Ali Baş Komandan, Prezident cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən həyata keçirilən dövlət siyasətinin əsas prioritetidir. Qeyd edib ki, dövlət başçısının tapşırığına əsasən, bu həssas təbəqədən olan insanların sosial problemlərinin operativ həlli bütün dövlət qurumlarının qarşısında duran ən başlıca vəzifələrdəndir.

İcra başçısı bildirib ki, 44 günlük Vətən müharibəsində torpaqlarımızın azadlığı uğrunda canından keçən qəhrəman övladlarımızın əziz xatirəsi Tərtərdə hər zaman uca tutulur. Şəhidlərimizin əmanəti olan ailələrin mənzil-məişət şəraitinin yaxşılaşdırılması, onların məşğulluq və digər sosial məsələlərinin həlli rayon İcra Hakimiyyəti tərəfindən hər zaman xüsusi diqqətdə saxlanılır.

Qeyd edək ki, Babazadə Mirşəmsi Elşad oğlu 1996-ci il yanvar ayının 20-də Tərtər rayonunun Mamırlı kəndində anadan olub. 2020-ci il sentyabrın 27-də ərazilərimizin işğaldan azad olunması və torpaqlarımızın ərazi bütövlüyünün təmin olunması üçün başlanan Vətən müharibəsində sentyabrın 30-da  Suqovuşan istiqamətində gedən döyüşlərdə  şəhid olub. Ölümündən sonra o, Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, “Vətən uğrunda” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif olunub.

Şəhidin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz dərin minnətdarlıqlarını bildiriblər.

 

Keçidlər