Tərtər Rayon İcra Hakimiyyətinin başçısı 27 Sentyabr – Anım Günü ilə əlaqədar Vətən müharibəsi şəhidi Elnur Hüseynovun ailəsini ziyarət edib
27 Sentyabr – Anım Gününün altıncı ildönümünün qeyd olunması ilə bağlı Tərtər Rayon İcra Hakimiyyətinin Tədbirlər Planına uyğun olaraq, Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, YAP Tərtər Rayon Təşkilatıın sədri Eldar Əsədov və Tərtər Cümə məscidinin imamı Sadiq Cəfərovla birlikdə Kəbirli kəndindən olan Vətən müharibəsi şəhidi Hüseynov Elnur Əhliman oğlunun ailəsini ziyarət edib, onların qayğıları ilə maraqlanıb.
Görüş zamanı Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov vurğulayıb ki, şəhid ailələrinə, qazilərə və veteranlara göstərilən hərtərəfli diqqət və qayğı Müzəffər Ali Baş Komandan, Prezident cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən həyata keçirilən dövlət siyasətinin əsas prioritetidir. Qeyd edib ki, dövlət başçısının tapşırığına əsasən, bu həssas təbəqədən olan insanların sosial problemlərinin operativ həlli bütün dövlət qurumlarının qarşısında duran ən başlıca vəzifələrdəndir.
İcra başçısı bildirib ki, 44 günlük Vətən müharibəsində torpaqlarımızın azadlığı uğrunda canından keçən qəhrəman övladlarımızın əziz xatirəsi Tərtərdə hər zaman uca tutulur. Şəhidlərimizin əmanəti olan ailələrin mənzil-məişət şəraitinin yaxşılaşdırılması, onların məşğulluq və digər sosial məsələlərinin həlli rayon İcra Hakimiyyəti tərəfindən hər zaman xüsusi diqqətdə saxlanılır.
Azərbaycan Ordusunun əsgəri Hüseynov Elnur Əhliman oğlu 1990-cı il aprelin 16-da Tərtər rayonunun Kəbirli kəndində anadan olub. Noyabrın 11-də Ağdərə istiqamətində gedən döyüşlər zamanı qəhrəmancasına şəhid olub. Noyabr ayının 14-də Tərtər rayonunun Kəbirli kəndində dəfn olunub. Onun ğzündən sonra 2 qız övladı yadigar qalıb.
Şəhid Hüseynov Elnur 44 günlük Vətən müharibəsində gedən döyüşlərdə göstərdiyi igidliyə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamlarına əsasən ölümündən sonra 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, “Vətən uğrunda”, “Cəsur döyüşçü”, “Suqovuşanın azad edilməsinə görə medalları ilə təltif olunub.
Şəhidin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz dərin minnətdarlıqlarını bildiriblər.






