Tərtər Rayon İcra Hakimiyyətinin başçısı 27 Sentyabr – Anım Günü ilə əlaqədar Vətən müharibəsi şəhidi Bağırlı Mirsədinin ailəsini ziyarət edib
27 Sentyabr – Anım Gününün altıncı ildönümünün qeyd olunması ilə bağlı Tərtər Rayon İcra Hakimiyyətinin Tədbirlər Planına uyğun olaraq, Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, YAP Tərtər Rayon Təşkilatıın sədri Eldar Əsədovla birlikdə Bərdə rayonunun Mehtixanlı kəndində Vətən müharibəsi şəhidi Bağırlı Mirsədi Mircəfər oğlunun ailəsini ziyarət edib, onların qayğıları ilə maraqlanıb.
Görüş zamanı Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov vurğulayıb ki, şəhid ailələrinə, qazilərə və veteranlara göstərilən hərtərəfli diqqət və qayğı Müzəffər Ali Baş Komandan, Prezident cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən həyata keçirilən dövlət siyasətinin əsas prioritetidir. Qeyd edib ki, dövlət başçısının tapşırığına əsasən, bu həssas təbəqədən olan insanların sosial problemlərinin operativ həlli bütün dövlət qurumlarının qarşısında duran ən başlıca vəzifələrdəndir.
İcra başçısı bildirib ki, 44 günlük Vətən müharibəsində torpaqlarımızın azadlığı uğrunda canından keçən qəhrəman övladlarımızın əziz xatirəsi Tərtərdə hər zaman uca tutulur. Şəhidlərimizin əmanəti olan ailələrin mənzil-məişət şəraitinin yaxşılaşdırılması, onların məşğulluq və digər sosial məsələlərinin həlli rayon İcra Hakimiyyəti tərəfindən hər zaman xüsusi diqqətdə saxlanılır.
Qeyd edək ki, Əslən Tərtər rayonunun Umudlu kəndindən olan Kiçik gizir Mirsədi Bağırlı 12 iyun 2000-ci ildə Bərdə rayonunun Mehdixanlı kəndində anadan olub. 2018-20-ci illərdə Dövlət Sərhəd Xidmətində həqiqi hərbi xidmətdə olan Mirsədi sərhədçi peşəsinə çox maraq yaranıb. O, müddətdən artıq həqiqi hərbi xidmətə qəbul olunmaq üçün müraciət edib. 2020-ci il fevralın 8-də xidmətə qəbul edilib, az vaxtda hərbi kollektivin etimadını qazanıb.
44 günlük Vətən müharibəsində Mirsədi snayperçi kimi iştirak edib. Cəbrayıl və Xocavənd istiqamətlərində gedən döyüşlərdə fərqlənib. O, Hadrut istiqamətində gedən döyüşlərdə şəhid olub və Bərdə rayonunun Mehdixanlı kəndində dəfn olunub.
Kiçik gizir Mirsədi Bağırlı ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamları ilə “Vətən uğrunda” “Döyüşdə fərqlənməyinə görə” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunub.
Şəhidin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz dərin minnətdarlıqlarını bildiriblər.






