Tərtər Rayon İcra Hakimiyyətinin başçısı 27 Sentyabr – Anım Günü ilə əlaqədar Vətən müharibəsi şəhidi Aslan Hüseynovun ailəsini ziyarət edib
27 Sentyabr – Anım Gününün altıncı ildönümünün qeyd olunması ilə bağlı Tərtər Rayon İcra Hakimiyyətinin Tədbirlər Planına uyğun olaraq, Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov YAP Tərtər Rayon Təşkilatıın sədri Eldar Əsədov və Tərtər Cümə məscidinin imamı Sadiq Cəfərovla birlikdə Qaradağlı kəndindən olan Vətən müharibəsi şəhidi Hüseynov Aslan Malik oğlunun ailəsini ziyarət edib, onların qayğıları ilə maraqlanıb.
Görüş zamanı Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov vurğulayıb ki, şəhid ailələrinə, qazilərə və veteranlara göstərilən hərtərəfli diqqət və qayğı Müzəffər Ali Baş Komandan, Prezident cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən həyata keçirilən dövlət siyasətinin əsas prioritetidir. Qeyd edib ki, dövlət başçısının tapşırığına əsasən, bu həssas təbəqədən olan insanların sosial problemlərinin operativ həlli bütün dövlət qurumlarının qarşısında duran ən başlıca vəzifələrdəndir.
İcra başçısı bildirib ki, 44 günlük Vətən müharibəsində torpaqlarımızın azadlığı uğrunda canından keçən qəhrəman övladlarımızın əziz xatirəsi Tərtərdə hər zaman uca tutulur. Şəhidlərimizin əmanəti olan ailələrin mənzil-məişət şəraitinin yaxşılaşdırılması, onların məşğulluq və digər sosial məsələlərinin həlli rayon İcra Hakimiyyəti tərəfindən hər zaman xüsusi diqqətdə saxlanılır.
Qeyd edək ki, Hüseynov Aslan Malik oğlu 1985-ci ildə Tərtər rayonunun Qaradağlı kəndində anadan olub. Hərbi xidmətdən sonra yenidən Azərbaycan ordusuna qayıdıb, gizir kimi xidmət edib və həmişə öndə gedən döyüşçülərdən olub. O, 2016-ci il aprel döyüşlərində də iştirak edib, düşmənin iki tankını və yük avtomobilini dəqiq artileriya atəşi ilə vuraraq məhv edib. Döyüşlərdə “Şücaətə görə” medalı ilə təltif olunub.
27 sentyabr 2020-ci il tarixdə başlayan Vətən müharibəsində Aslan Suqovuşan istiqamətində gedən döyüşlərdə şəhid olub və doğulduğu kənddə torpağa tapşırılıb.
Ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin 15.12.2020-ci tarixli Sərəncamı ilə o “Azərbaycan Bayrağı” Ordeni, “Vətən uğrunda” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif olunub.
Aslan Hüseynova “Hərbi xidmətdə fərqlənməyə görə”, “Azərbaycan Ordusunun 100 illiyinə görə” medalları da verilib.
Şəhidin adının əbədiləşdirilməsi üçün şəhərdə küçələrdən birinə onun adı verilib, doğulduğu kənddə isə adına bulaq inşa edilib. Şəhidin özündən sonra 3 övladı yadigar qalıb.
Şəhidin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz dərin minnətdarlıqlarını bildiriblər.






