Tərtər Rayon İcra Hakimiyyətinin başçısı 27 Sentyabr – Anım Günü ilə əlaqədar Vətən müharibəsi şəhidi Anar Hüseynovun ailəsini ziyarət edib
27 Sentyabr – Anım Gününün altıncı ildönümünün qeyd olunması ilə bağlı Tərtər Rayon İcra Hakimiyyətinin Tədbirlər Planına uyğun olaraq, Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov Tərtər Cümə məscidinin imamı Sadiq Cəfərovla birlikdə Vətən müharibəsi şəhidi Hüseynov Anar Rəhim oğlunun ailəsini ziyarət edib, onların qayğıları ilə maraqlanıb.
Görüş zamanı Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov vurğulayıb ki, şəhid ailələrinə, qazilərə və veteranlara göstərilən hərtərəfli diqqət və qayğı Müzəffər Ali Baş Komandan, Prezident cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən həyata keçirilən dövlət siyasətinin əsas prioritetidir. Qeyd edib ki, dövlət başçısının tapşırığına əsasən, bu həssas təbəqədən olan insanların sosial problemlərinin operativ həlli bütün dövlət qurumlarının qarşısında duran ən başlıca vəzifələrdəndir.
İcra başçısı bildirib ki, 44 günlük Vətən müharibəsində torpaqlarımızın azadlığı uğrunda canından keçən qəhrəman övladlarımızın əziz xatirəsi Tərtərdə hər zaman uca tutulur. Şəhidlərimizin əmanəti olan ailələrin mənzil-məişət şəraitinin yaxşılaşdırılması, onların məşğulluq və digər sosial məsələlərinin həlli rayon İcra Hakimiyyəti tərəfindən hər zaman xüsusi diqqətdə saxlanılır.
Qeyd edək ki, 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Ağdərə istiqamətində gedən döyüşlərdə savaşıb. Sentyabrın 30-da Ağdərə istiqamətində gedən döyüşlər zamanı şəhid olub və Bərdə şəhərində Şəhidlər Xiyabanında dəfn olunub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq Sərəncamına əsasən ölümündən sonra 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, "Vətən uğrunda", “Cəsur döyüşçü” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif olunub.
Şəhidin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz dərin minnətdarlıqlarını bildiriblər.






