Tərtər Rayon İcra Hakimiyyətində “Yaşıl dünya naminə həmrəylik ili”nə həsr olunmuş tədbir keçirilib
Tədbirdə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, Hüquq mühafizə orqanlarının rəhbərləri, İdarə, müəsisə, təşkilatların rəhbərləri, inzibati ərazi dairəsi üzrə nümayəndələr və bələdiyyə sədrləri iştirak ediblər.
Tədbiri giriş sözü ilə rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov açaraq bildirib ki, Prezident İlham Əliyev tərəfindən Azərbaycan Respublikasında 2024-cü ilin “ Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ölkəmizdə həyata keçirilən uzunmüddətli və məqsədyönlü siyasətin məntiqi nəticəsidir. Azərbaycanın müstəqillik tarixinə, xüsusən son 30 illik dövrə diqqət etsək, birmənalı şəkildə və əminliklə deyə bilərik ki, ölkəmiz iqlim dəyişmələrinin fəsadlarına qarşı mübarizəyə davamlı olaraq öz töhfəsini verib. Bu gün davam edən təşəbbüslər ölkəmizin prosesdə israrlı olduğunu göstərir. Məlumdur ki, Vətən müharibəsindəki Zəfərimizdən sonra regionda yaranan yeni reallıq çərçivəsində, Azərbaycanın uğurlu sosial-iqtisadi və siyasi nailiyyətləri, milli və multikultural dəyərləri qarşıdakı illərdə Şərqlə Qərbin qovşağı olan Azərbaycanın qüdrətinin daha da artacağına əminlik yaradır. Azərbaycan Prezidenti qəti olaraq o qənaətdədir ki, inkişafın bütün sahələri əhatələməsi üçün sağlam insan konsepsiyasına sadiq qalınması, bu məqsədlə gələcək illərdə iqtisadi və demoqrafik artımdan ətraf mühitə gələ bilən risklərin azaldılması, uzun illər ərzində yaranan ekoloji problemlərin kompleks həlli və bu sahədə davamlı inkişaf zərurətdir.
2021-ci il 2 fevral tarixli Sərəncamı ilə Azərbaycanın 2030-cu ilə qədərki sosial-iqtisadi inkişafa dair Milli Prioritetlərini müəyyənləşdirərkən, Prezident İlham Əliyev qlobal iqlim dəyişikliklərinin miqyasını nəzərə alaraq ekoloji təmiz texnologiyaların tətbiqinə əhəmiyyətli yer verilməsi, təmiz enerji mənbələrindən istifadə, tullantıların təkrar emalı və çirklənmiş ərazilərin bərpasının təşviq edilməsini qəti vəzifə olaraq müəyyən edib. Azərbaycanda yüksək keyfiyyətli ekoloji mühitə və yaşıl enerji məkanına nail olmaq üçün isə ötən dövrdə, xüsusən ərazi bütövlüyümüzün bərpa olunduğu son 3 il ərzində iqtisadi artımla ekoloji mühitin tarazlığının təmin olunması, ölkədə ümumi ərazilərdə yaşıllıqların payının artırılması istiqamətində konkret addımlar atılır.
Prezident İlham Əliyevin “Təmiz ətraf mühit və yaşıl artım ölkəsi” olmağı milli prioritet kimi müəyyən etməsi əslində həm də Azərbaycanın növbəti dəfə beynəlxalq hüquqa sədaqəti, o cümlədən beynəlxalq müqavilələrlə üzərinə götürdüyü öhdəliklərə vicdanlı yanaşmasının ideal ifadəsi idi.
Məlumdur ki, 30 illik işğal dövründə ərazilərimizdə olan yaşıllıqlar məhv edilib, yandırılılıb, təbii sərvətləri talanıb. Azərbaycan işğala son qoymaqla əslində həm də davam edən böyük bir ekoloji fəlakətin qarşısını almış oldu.
BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası – COP29 kimi mötəbər bir tədbirin Azərbaycanda keçirilməsi ilə əlaqədar yekdil qərarın verilməsi beynəlxalq ictimaiyyət tərəfindən Azərbaycana böyük hörmət və etimadın, eləcə də ölkəmizin milli, regional və qlobal səviyyədə ətraf mühitin qorunması, iqlim dəyişmələrinin qarşısının alınması işinə töhfəsinin təqdir olunmasının bariz nümunəsidir.
Azərbaycanın 2030-cu ilə qədər sosial-iqtisadi inkişafa dair beş milli prioritetindən biri “Təmiz ətraf mühit və yaşıl artım ölkəsi” kimi müəyyən edilmişdir. Həmin prioritetə uyğun olaraq, ətraf mühitin sağlamlaşdırılması, yaşıllıqların bərpası və artırılması, su ehtiyatlarından və dayanıqlı enerji mənbələrindən səmərəli istifadənin təmin edilməsi istiqamətində işlər aparılır.
Azərbaycan baza ili (1990) ilə müqayisədə 2030-cu ilə qədər istilik effekti yaradan qazların emissiyalarının 35 faiz, 2050-ci ilə qədər isə 40 faiz azaldılmasını hədəf kimi götürmüşdür.
İşğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur, eləcə də Naxçıvan Muxtar Respublikası yaşıl enerji zonası elan olunmuşdur. Azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa və yenidənqurma prosesində ətraf mühitin qorunması prioritetdir. Həmin ərazilərdə “ağıllı şəhər”, “ağıllı kənd” kimi innovativ yanaşmalar tətbiq edilir, ekosistem bərpa olunur.
Yaşıl enerji növlərinin yaradılması və yaşıl enerjinin dünya bazarlarına nəqli Azərbaycanın enerji siyasətinin prioritetidir. Azərbaycan elektrik enerjisi istehsalının qoyuluş gücündə bərpa olunan enerji mənbələrinin payının 2030-cu ilə qədər 30 faizə çatdırılmasını hədəfləyir.
2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi isə öz növbəsində dünyada bir ilkdir və dövlətimizin başçısı İlham Əliyevin qlobal Lider kimi məsələyə necə və haradan yaxınlaşmaq bacarığını və prosesi uğurlu məcraya yönəldə biləcəyini göstərir.
Rayon rəhbəri həmçinin qeyd edib ki, 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ilə əlaqədar Tərtər Rayon İcra Hakimiyyəti tərəfindən tədbirlər planı hazırlanaraq icra olunması üçün aidiyyəti idarə və müəssisələrə göndərilmişdir.
Tədbirdə digər çıxış edənlər “Yaşıl dünya naminə həmrəylik ili” ilə bağlı rayonda keçirilən tədbirlərdən, iməcilik və ağacəkmə aksiyalarından danışaraq, öz fikir və təkliflərini bildiriblər.