Tərtər Rayon İcra Hakimiyyətində Ümummilli Lider Heydər Əliyevin 101-ci ildönümünə həsr olunmuş konfrans keçirilib
Tərtər Rayon İcra Hakimiyyətinin və YAP rayon təşkilatının birgə təşkilatçılığı ilə rayon icra hakimiyyətinin akt zalında Ümummilli Lider Heydər Əliyevin 101-ci ildönümünə həsr olunmuş konfrans keçirilib.
Əvvəlcə Dövlət himni səsləndirilib. Sonra Ulu Öndərin və torpaqlarımızın suverenliyi uğrunda canlarını fəda etmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Konfrans iştirakçıları birlikdə Ümummilli Lidert Heydər Əliyevin həyat və fəaliyyətinə həsr edilmiş filmi izlədikdən sonra “Heydər Əliyev Yeni Azərbaycan Partiyasının qurucusudur” mövzusunda çıxış etmək üçün söz YAP rayon təşkilatının sədri Eldar Əsədova verilib. O, Heydər Əliyevin Yeni Azərbaycan Partiyasının qurucusu olduğunu qeyd edərək, bildirib ki, xalqın Ulu öndərimiz Heydər Əliyevə olan inamı tez bir zamanda siyasi səhnədə parlayan Yeni Azərbaycan Partiyasının tarixi məsuliyyəti öz üzərinə götürməsinə imkan verdi. Ümummilli liderimizin nüfuzu, Azərbaycan xalqının Ona göstərdiyi misilsiz etimad Yeni Azərbaycan Partiyasının qısa müddət ərzində təşkilatlanmasına, ölkənin bütün regionlarında özəklərini yaratmasına və 1993-cü ildə hakimiyyətə gəlməsinə şərait yaratdı.
Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışı Yeni Azərbaycan Partiyasının inkişafı tarixində də yeni bir mərhələnin əsasını qoydu.
Sonra rayon polis şöbəsinin rəisi Elçin Qasımov “Heydər Əliyev və Azərbaycan polisi”, Təhsil sektorunun müdiri Oktay Sarıkişiyev “Ümummilli lider Heydər Əliyev və Azərbaycan təhsili”, Mədəniyyət Nazirliyi yanında Mədəni irsin qorunması, inkişafı və bərpası üzrə dövlət xidmətinin Tərtər rayonu üzrə baş mütəxəsisi Kəmalə Abbaszadə “Heydər Əliyev və mədəni irsimiz”, Qafqaz Müsəlmanları İdarəsinin səlahiyyətli nümayəndəsi, Tərtər Cümə Məscidinin imamı Sadiq Cəfərov “Heydər Əliyev və İslami dəyərlər” barədə çıxış ediblər.
Konfransı yekunlaşdıran rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov “Heydər Əliyev müstəqil Azərbaycanın qurucusudur” mövzusunda çıxış edib. Bildirib ki, Ümummilli Lider işlədiyi dövr ərzində Azərbaycanı bölünmə, parçalanma, müstəqilliyini itirməsi təhlükəsindən, vətəndaş müharibəsindən xilas edib, Azərbaycanı uğurlu neft strategiyası, 1994-cü ildə imzalanan “Əsrin müqaviləsi” ilə qısa bir zamanda böyük inkişaf yoluna çıxarıb, ölkəsinin imzasını imzalar içində tanıdıb.
Ölkəmizin əsas qanunu Konstitusiyanın qəbul edilməsi, Ana dilimizin dövlət dili kimi tətbiqində, onun imkanlarının genişləndirilməsi və Azərbaycan xalqının ən böyük sərvəti kimi dəyərləndirilməsində Heydər Əliyev şəxsiyyətinin rolu danılmazdır.
İcra başçısı Ulu Öndərin hakimiyyəti illərində rayonumuza göstərilən diqqət və qayğıdan da söhbət açıb.