Tərtər Rayon İcra Hakimiyyətində “mygov” tətbiqinin təşviqi və rəqəmsal xidmətlərdən istifadə ilə bağlı maarifləndirici tədbir keçirilib
Azərbaycan Respublikası Prezidentinin 27 fevral 2026-cı il tarixli 953 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026–2028-ci illər üçün Fəaliyyət Planı”nın həyata keçirilməsi üzrə Tədbirlər Planının 8.1.11-ci bəndinin icrasını təmin etmək məqsədilə Tərtər Rayon İcra Hakimiyyətində maarifləndirici tədbir keçirilib.
Tədbirdə Tərtər Rayon İcra Hakimiyyəti başçısı aparatının və İnzibati Ərazi Dairələri üzrə nümayəndəliklərin əməkdaşları iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Tərtər Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Elvin Umudov ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə respublikada aparılan rəqəmsal transformasiya islahatlarının vacibliyindən, təsdiq olunmuş Fəaliyyət Planının icrasının əhəmiyyətindən və dövlət xidmətlərinin rəqəmsal müstəviyə keçirilməsinin vətəndaşların məmnunluğunun təmin edilməsindəki rolundan geniş bəhs edib.
Daha sonra Tərtər RİHB aparatının Sosial-iqtisadi və memarlıq-tikinti məsələləri şöbəsi müdirinin müavini, Sosial-iqtisadi məsələlər, informasiya təminatı və təhlili sektorunun müdiri Murad Səfərov çıxış edərək “mygov” mobil tətbiqinin funksional imkanları, yüklənmə və qeydiyyat qaydaları, həmçinin platformanın vətəndaşlara qazandırdığı əsas üstünlüklər barədə ətraflı məlumat verib. Diqqətə çatdırıb ki, “mygov” tətbiqi vətəndaşlara müxtəlif dövlət qurumlarına getmədən bütün əsas dövlət xidmətlərinə və fərdi məlumatlara tək bir platformadan təhlükəsiz və operativ çıxış imkanı yaradır. Platforma vasitəsilə şəxsiyyət vəsiqəsi, nikah və təvəllüd şəhadətnamələri, sürücülük vəsiqəsi, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi, əmlak, hərbi qeydiyyat, övladların laborator analiz nəticələri, tibbi məlumatlar və kommunal xidmət aktları kimi vacib sənədlər rəqəmsal formada təqdim olunur ki, bu da fiziki sənəd daşımaq zərurətini tamamilə aradan qaldırır. Bununla yanaşı, tətbiq vətəndaşların növbələrdə vaxt itirmədən, əlavə maliyyə çəkmədən 24/7 rejimində arayış və məlumatlar almasını təmin edir, süni intellekt dəstəkli çatbot və qabaqlayıcı xidmətlər sayəsində prosedurların şəffaf və çevik icrasına zəmin yaradır.
M.Səfərov çıxışının sonunda İƏD üzrə nümayəndəliklərin əməkdaşları tərəfindən yerlərdə əhali arasında rəqəmsal imkanları təşviq etmələrinin, tətbiqin yüklənməsi və qeydiyyatı zamanı vətəndaşlara yaxından köməklik göstərmələrinin, həmçinin maarifləndirmə işlərini ardıcıl aparmalarının vacibliyini xüsusi vurğulayıb.






