Tərtər Rayon İcra Hakimiyyətində Məhərrəm ayının başlanması ilə əlaqədar qərargah üzvləri ilə görüş keçirilib
Məhərrəm ayının başlanması ilə əlaqədar Tərtər Rayon İcra Hakimiyyətində qərargah üzvləri ilə keçirilən görüşdə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, rayon prokuroru Əli Qurbanov, polis şöbəsinin rəisi Elçin Qasımov, Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Tərtər Rayon Şöbəsinin rəisi Rəşad Nadirov, Qafqaz Müsəlmanlar İdarəsinin səlahiyyətli nümayəndəsi Tərtər Cümə Məscidinin imamı Sadiq Cəfərov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Qarabağ və Şərqi Zəngəzur Regional bölməsinin baş məsləhətçisi Pərviz Eyvazov və qərargah üzvləri iştirak ediblər.
Tərtər rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov çıxış edərək Məhərrəm ayı ərəfəsində rayonda dini durumun vəziyyəti barədə danışıb və keçiriləcək dini mərasimlərin Qafqaz Müsəlmanları İdarəsi Qazılar Şurasının verəcəyi fətvanın tələblərinə uyğun aparılmasını tövsiyyə edib.
Rayon rəhbəri bildirib ki, rayon ərazisində 5 məsçid və 1 ziyarətgahda (Ələm ocağı) dini mərasimlərin keçirilməsinə icazə verilib. Küçələrdə, digər ziyarətgahlarda, evlərdə ehsan süfrələrinin açılması, dini mərasimlərin təşkili tövsiyyə olunmur.
Rayon icra hakimiyyətinin başçısı hüquq-mühafizə orqanlarına Aşura günlərində içtimai asayişin sabitliyinə nəzarəti gücləndirməyi, məscidlərdə fəaliyyət göstərən din xadimlərinə isə dini mərasimlərin təşkili zamanı öz üzərlərinə düşən vəzifələri layiqincə yerinə yetirməyi, tədbirlərdə son dərəcə məsuliyyətli olmağı tapşırıb.
Sonra rayon polis şöbəsinin rəisi Elçin Qasımov, rayon prokuroru Əli Qurbanov, Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Tərtər Rayon Şöbəsinin rəisi Rəşad Nadirov və digərləri çıxış edərək Məhərrəm ayı ilə bağlı tədbirlərin mövcud qanunvericilik çərçivəsində keçirilməsinin zəruriliyini diqqətə çatdırıb, rayon ərazisində dini mərasimlərin layiqincə yerinə yetirilməsi barədə görüləcək işlər barədə danışıblar.