Şriftin ölçüsü :

Saytın rəngi :

Tərtər Rayon İcra Hakimiyyətində “2024-cü ilin yekunları və 2025-ci ildə qarşıda duran vəzifələr barədə” hesabat yığıncağı keçirilib

22 aprel 2025 | 16:31

Yığıncaqda Tərtər rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov, YAP Tərtər rayon təşkilatının sədri Eldar Əsədov, aparatın əməkdaşları, idarə, müəssisə, təşkilatların rəhbərləri, inzibati ərazi dairəsi üzrə nümayəndələr və bələdiyyə sədrləri iştirak ediblər.

Tərtər rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov yola saldığımız 2024-cü ilin “Yaşıl Dünya naminə həmrəylik İli” olduğunu qeyd edərək, il ərzində  minlərlə meyvə və dekorativ ağaclar əkildiyini, yaşıllıq zolaqları salındığını, iməciliklər keçirildiyni, ərazilərin tullantılardan təmizləndiyni bildirib.

Qeyd edib ki, 2024-cü ildə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası, yəni COP-29 Azərbaycanda keçirilib. Respublika Prezidenti cənab İlham Əliyevin dediyi kimi, bu, müstəqillik tariximizdə ən böyük beynəlxalq tədbirdir və dünya müstəvisində ən böyük və mötəbər beynəlxalq konfransdır. Tədbirin Bakıda keçirilməsi Azərbaycanın nüfuzunun daha da artmasına və ölkə reallıqlarının dünya ictimaiyyətinə birbaşa və asan çatdırılmasına böyük təkan olub.

Bildiyiniz kimi bu il 44 günlük Vətən müharibəsində qələbəmizin 5 ili, konstitusiyamızın isə 30 ili tamam olur. Biz işğal altında olan torpaqlarımızı işğaldan azad etməklə ölkəmizdə suverenliyimizi tam təmin etdik. Məhz buna görə Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyev  2024-cü il 28 dekabr tarixli 432 nömrəli sərəncamı ilə 2025-ci ili  “Konstitusiya və Suverenlik İli” elan etdi və respublika prezidentinin 11 fevral 2025-ci il tarixli 477 nömrəli sərəncamı ilə “Tədbirlər Planı” təsdiq edilidi.Həmin tədbirlər planına əsasən respublikamızda, eləcə də rayonumuzda silsilə tədbirlər-“dəyirmi masa”lar, ağacəkmə aksiyaları, mədəni kütləvi tədbirlər keçirilir, hüquq və vəzifələrimizlə bağlı yerlərdə maarifləndirmə işləri aparılır. Şəhid ailələri, qazilər ziyarət olunur, onların problemləri həll olunur. Hər bir tərtərli daha əzmlə işləyərək “Konstitusiya və Suverenlik İli”nə öz töhfəsini verməyə çalışır. İnanırıq ki, respublikamız bu ildə böyük uğurlara imza atacaq.

İcra başçısı bildirib ki, 2024-cü ilin ilk ayından başlayaraq Tərtər şəhərində tikinti, abadlıq-quruculuq işləri davam etdirilmişdir. Küçələr memarlıq tələblərinə uyğun olaraq yenidən qurulur.

Tərtər Peşə məktəbinin əsaslı təmir işləri qurtarmış, Tərtər rayonunun Bəyimsarov və Qazyan kəndlərində 50 yerlik Körpələr evi-uşaq bağçası binalarının tikintisi davam etdirilir.

Tərtər şəhərinin Mehdi Hüseynzadə, Mahir Əsədov və Rasim Mürsəlov küçələrində aparılan abadlıq işləri başa çatmışdır. Səkilərdəki köhnə bardyorlar yenisi ilə əvəz olunub, səkilərə asfalt döşənib, yeni yaşıllıq zolaqları yaradılıb, işıq, qaz, telekommunikasıya xətləri qaydaya salınıb.

Ruslan Şahbazov, Ruslan Lalayev və Məftun Əhmədzadə küçələrində istinad divarları hündürləşdirilmişdir. Divarlar aqalay və bəzək daşları ilə üzlənmişdir. Küçədə olan kommunikasiya xəttləri səliqiyə salınmışdır.

Heydər Əliyev prospektində və Elman Hüseynov küçəsində səkilərdə təmir işləri aparılmış, tamet daşları düzülmüşdür.

Tərtər şəhərinin V.T.Həsənov, Cavanşir, Üzeyir Hacıbəyov, Mehman Dadaşov, Füzuli Rüstəmov küçələrinə və Elman Hüseynov küçəsində yerləşən “Əlillərin binası” nın qarşısına yeni asfalt örtüyü salınmış, işıq, qaz və telekommunikasiya xətləri qaydaya salınmışdır.

2024-cü ildə rayonda respublika və yerli əhəmiyyətli avtomobil yollarında 1616.8 min manatlıq carı təmir və saxlanma işləri görülmüşdür.

2024-cü il ərzində rayonda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində                       Bərdə- Ağdam istiqamətində yol kənarlarına 11200 ədəd, Tərtər–Goranboy, Tərtər-Bərdə istiqamətində yol kənarlarına və rayonun yaşayış məntəqələrində 21030 ədəd olmaqla, ümumilikdə 32230 ədəd müxtəlif növ ağaclar, gül kolları və həmişəyaşıl kolları  əkilmişdir.

2024-cü ilin yanvar-dekabr aylarında ümumi məhsul buraxılışının həcmi 286 milyon 912,0 min manat olmuşdur. 2023-cü ilin müvafiq dövrünə nisbətən məhsul buraxılışının həcmi 7,1 faiz azalmışdır.

Rayonda bütün maliyyə mənbələri hesabına əsas kapitala yönəldilmiş investisiyaların həcmi 82 milyon 681.2 min manat təşkil etmişdir ki, onun 70 milyon 50.9 min manatı və ya 84.7 faizi tikinti-quraşdırma işlərinə yönəlmişdir. 2023-cü ilin müvafiq dövrünə nisbətən əsas kapitala yönəldilən investisiyaların həcmi 4.0 faiz azalmışdır. Ümumi sərmayənin 77 milyon 503.7 min manatı və ya 93.7 faizi dövlət, 5 milyon 177.5 min manatı və ya 6.3 faizi qeyri-dövlət sektorunun sərmayədarları tərəfindən qoyulmuşdur.

2024-cü ilin yanvar-dekabr aylarında rayon üzrə orta aylıq əmək haqq 2023-cü ilin müvafiq dövrünə nisbətən 6.0 faiz artaraq 613.6 manat təşkil etmişdir.

Rayonun iqtisadiyyatının əsasını aqrar sahə təşkil etdiyindən rayonda kənd təsərrüfatı məhsullarının istehsalının artırılması diqqət mərkəzində olmuşdur. Ölkəmizin hər yerində olduğu kimi, rayonumuzda da aqrar sektorun inkişaf etdirilməsi sahəsində məqsədyönlü işlər görülmüşdür.

2024-cü ilin yanvar-dekabr aylarında rayonda kənd təsərrüfatı məhsulunun ümumi həcmi 112 milyon 331.1 min manat təşkil etmişdir ki, onun 61 milyon 112.3 min manatı bitkiçilik, 51 milyon 218.8 min manatı heyvandarlıq məhsullarının hesabına formalaşmışdır. 2023-ci ilin müvafiq dövrünə nisbətən kənd təsərrüfatı məhsulunun həcmi 6.1 faiz azalmışdır.

İcra başçısı əhaliyə göstərilən içməli su təminatından, əkin sahələrinin su ilə təminatından, işıq, qaz, telekommunikasiya xidmətlərindən də ətraflı danışıb, təhsil, səhiyyə mədəniyyət, gənclər və idman sahəsində, hüquq-mühafizə, səfərbərlik və hərbi xidmətə çağırış üzrə il ərzində görülən işləri də tədbir iştirakçılarının nəzərinə çatdırıb.

Vətəndaşların müraciətlərinə baxılması, onların qəbulunun təşkilindən danışan icra başçısı bildirib ki, Tərtər Rayon İcra Hakimiyyəti başçısı aparatında 2024-cü ildə də vətəndaşların qəbulu cədvəli tərtib edilmiş, bu barədə “Yeni Tərtər” rayon qəzetində 29 dekabr 2023-cü il tarixli nömrəsində məlumat dərc edilmişdir.   Milli Qəhrəmanlar, Vətən müharibəsi qəhrəmanları, onların ailə üzvləri, şəhid ailələri, Qarabağ müharibəsi əlilləri və digər imtiyazlı vətəndaşlar rayon İcra hakimiyyətində növbədənkənar qəbul edilirlər.

2024-cü il ərzində rayon icra hakimiyyətində 2561 nəfər vətəndaş qəbul edilərək müraciətləri dinlənilib. Onlardan 979 nəfər rayon icra hakimiyyəti başçısı tərəfindən şəxsən, 1582 nəfər isə başçının müavinləri və şöbə müdirləri tərəfindən qəbul edilib.

Müraciətlərə “Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun baxılması təmin edilib.

Vətəndaşların hər bir müraciətinə diqqət və qayğı ilə yanaşılıb, onların problemləri yerində həll olunub.

2024-cü ildə Tərtər Rayon İcra Hakimiyyətinə vətəndaşlardan 794 ərizə daxil olub 2024-cü ildə 2023-cü illə müqayisədə ərizələr 188 say azalıb.       

Müraciətlərin 358-i eyni vətəndaşlardandır.

Müraciətlərin hər biri araşdırılır, rayon icra hakimiyyətinin nümayəndəsi müraciət müəllifi ilə görüşür, müraciətinə rəsmi qaydada məktubla cavab verilir.

Məruzə ətrafında Tərtər rayonu üzrə Maliyyə Şöbəsinin rəisi Əli Əlizadə, Tərtər Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin rəisi Murad Zeynalov, Tərtər Regional Qaz İstismar İdarəsinin Tərtər Qaz xidmət sahəsi üzrə müavini Bilal Musayev, Tərtər Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Mehman Babayev, rayon icra hakimiyyəti başçısı aparatında Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Kənan Mehdiyev və başqaları  çıxış ediblər.

Keçidlər