Şriftin ölçüsü :

Saytın rəngi :

Tərtər Rayon İcra Hakimiyyətində 2024-cü ildə tələbə adını qazanmış gənclərlə görüş keçirilib

07 sentyabr 2024 | 13:29

Tərtər Rayon İcra Hakimiyyətində 2024-cü ildə ümumtəhsil məktəblərini bitirərək ali məktəbə daxil olub, tələbə adını qazanmış gənclərlə görüş keçirilib.

Tədbirdə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, YAP Tərtər Rayon Təşkilatının sədri Eldar Əsədov, Təhsil Sektorunun müdiri Oktay Sarıkişiyev, məktəb direktorları, tələbə adı qazanmış məzunlar və valideynlər iştirak ediblər.

Görüş rayon icra hakimiyyətinin akt zalında keçirilib.

Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Sonra tədbir iştirakçıları Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov çıxış edərək, öncə tələbə adı qazanmış bütün məzunları ürəkdən təbrik edib, onlara gələcək təhsillərində uğurlar diləyib, onlara doğma vətənimiz müstəqil Azərbaycanın inkişafına və tərəqqisinə yüksək bilikli mütəxəssislər kimi öz töhfələrini verməyi arzu edib.

Sonra rayon rəhbəri Ulu Öndərin “Təhsil millətin gələcəyidir”, ”Mən dünyada müəllimlikdən yüksək ad tanımıram”- kəlamlarını yada salıb, qeyd  edib ki, bu sözlər  müəllim əməyinə verilən ən yüksək dəyərdir.

Ölkəmizdə təhsilin inkişafı, onun maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində görülən işlərdən, həyata keçirilən layihələrdən danışan rayon rəhbəri bildirib ki, Ulu Öndər Heydər Əliyev ölkəyə rəhbərlik etdiyi bütün dövrlərdə təhsilə və onun inkişafına böyük diqqət yetirib. Həmçinin ölkə başçısı cənab İlham Əliyev də bu ənənələrə sadiq qalaraq təhsilin inkişafını həmişə diqqət mərkəzində saxlayır, bu istiqamətdə mühüm tədbirlər həyata keçirir. Dövlət və  Heydər Əliyev Fondu tərəfindən yeni məktəblər, uşaq evləri, liseylər tikilir, məktəblərin maddi-texniki bazası gücləndirilir.

Biz bu diqqət və qayğını öz rayonumuzun timsalında daha aydın hiss edirik.

Respublika Prezidentinin Tərtər rayonuna 3 iyun 2020-ci il tarixli səfərindən sonra “Tərtər rayonunun Xoruzlu kəndində yeni ümumtəhsil məktəbinin tikintisi ilə bağlı tədbirlər haqqında” Sərəncam imzalamış, 432 şagird yerlik Xoruzlu kənd tam orta məktəbi,  2023-cü ildə isə Heydər Əliyev Fondu tərəfindən 320 şagird yerlik Azad Qaraqoyunlu kənd və Təhsil Nazirliyi tərəfindən 360 şagird yerlik şəhər 5 nömrəli tam orta məktəbləri üçün yeni binaların tikilmiş, Təhsil Nazirliyi tərəfindən onlarla məktəbdə təmir işləri  aparılmışdır.

İcra başçısı qeyd edib ki, bu il rayonumuzun umumtəhsil məktəblərini bitirən  756 nəfər məzundan 421 nəfəri ali məktəblərə sənəd vermişdir. Ali məktəblərə sənəd verən məzunlardan 285 nəfər müxtəlif ali təhsil müəssisələrinə, o cümlədən 5 nəfər Polis Akademiyasına, 7 nəfər Qarabağ Universitetinə 5 nəfər Cəmşid Naxçıvanski adına liseyə  qəbul olub.  Onlardan  9  nəfər 600-dən, 33  nəfər isə 500-600 arası bal toplayıblar. 600-dən yuxarı bal toplayanların sayı ötən illə müqayisədə 3, 500-600 arası bal toplayan məzunların sayı isə 12 nəfər artmışdır.

Bu il  IX sinfi bitirən 954 nəfər şagirddən 120 nəfəri orta ixtisas məktəblərinə sənəd vermiş və113 məzun orta ixtisas məktəbinə qəbul olub. Bu da ötən illə müqayisədə 67 nəfər çoxdur.

Şəhər 1saylı tam orta məktəbin 55 nəfər (53,92 %), 2 saylı məktəb liseyin 21 nəfər     (54 %), 5 saylı tam orta məktəbin 13 nəfər (40,62 %), şəhər 6 saylı məktəbin 12 nəfər (40%), Qaradağlı, Qarağacı kənd tam orta məktəbinin 12 nəfər (uyğun olaraq 37,5% və 30,55 %), Hüsənli kənd tam orta məktəbinin 11 nəfər (40,74 %), Xoruzlu  və Hacıqərvənd kənd tam orta məktəblərinin 10 nəfər (uyğun olaraq 33,30 % və 25,64 %) məzunu ali məktəbə daxil   olub.

Qəbul göstəriciləri aşağı olan  məktəb rəhbərləri nəticə çixarmalı, məktəblərində təhsilin səviyyəsini yüksəltməlidirlər.

Rayon rəhbəri bir daha tələbə adını qazanmış gəncləri,  onların müəllim və valideynlərini təbrik edərək, onlara can sağlığı və təhsildə müvəffəqiyyyətlər diləyib.

Tədbirdə YAP Tərtər Rayon Təşkilatının sədri Eldar Əsədov, rayon Təhsil sektorunun müdiri Oktay Sarıkişiyev, şəhər 1 saylı tam orta məktəbin direktoru Amil Hüseynov, şəhər 2 saylı məktəb liseyin  direktoru Gülarə Əkbərova, Qaradağlı kənd tam orta məktəbin direktoru Eldəniz Ələsgərov, valdeyinlərdən İlqar Nəcəfli, Kənan Mehtiyev, Könül Hacıyeva, Məzahir Quliyev, tələbələrdən Emil Əhmədov, Rəşidə Mehdizadə, Könül Quliyeva, Nərmin Səfərli, Nuray Əlıiyeva, Fatimə Qasımova, Elmir İbrahimov, Məhəmməd Məmmədli, Şəhriyar Əliyev  və Nilufər Zeynalzadə çıxış ediblər.

Çıxış edənlər ölkəmizdə təhsilin inkişafına göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya  öz minnətdarlıqlarını bildiriblər.

Tədbiri  rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov yekunlaşdırıb və yüksək balla ali məktəbə qəbul olmuş tələbələrə rayon icra hakimiyyəti tərəfindən fəxri fərman  və hədiyyələr təqdim edilib.

Keçidlər