Tərtər Rayon İcra Hakimiyyəti “Yaşıl dağ” ekoloji-sosial aksiyasına qoşulub
Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan edilməsi ilə əlaqədar ölkə üzrə müxtəlif istiqamətlərdə tədbirlər həyata keçirilir.
Bu çərçivədə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “Yaşıl ASAN” ekoloji proqramı, IDEA İctimai Birliyi və “Azərsun Kağız və Karton İstehsalat Korporasiyası”nın birgə təşkilatçılığı ilə Şamaxı “ASAN Həyat” kompleksində VII “Yaşıl dağ” ekoloji-sosial aksiyası keçirilib.
Aksiya çərçivəsində Tərtər Rayon İcra Hakimiyyəti tərəfindən rayon ərazisindən toplanmış 4 ton kağız tullantısı təkrar emal məqsədilə aidiyyəti üzrə təhvil verilib.
VII “Yaşıl dağ” ekoloji-sosial aksiyasının əsas məqsədlərindən biri istifadə olunmuş kağızların təkrar emal müəssisələrinə təhvil verilməsini və elektrik enerjisindən səmərəli və qənaətlə istifadənin təbliğini təmin etməklə kağız israfının azaldılmasına, təkrar emalın təşviqinə, ağacların qorunmasına və ətraf mühitin mühafizəsinə töhfə verməkdir.
Qeyd edək ki, aksiya çərçivəsində toplanan kağız tullantılarının təkrar emalından əldə ediləcək vəsait qazilərin və şəhid ailələrinin təminatına dəstək məqsədilə yaradılmış “YAŞAT” Fonduna ianə ediləcək.
Aksiyada göstərdiyi dəstəyə və fəal iştirakına görə Tərtər Rayon İcra Hakimiyyətinə təşəkkürnamə təqdim olunub.






