Tərtər Rayon İcra Hakimiyyəti və Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin təşkilatçılığı ilə N saylı hərbi hissədə "Zəfər nəğmələri” adlı konsert proqramı keçirilib
Tərtər Rayon İcra Hakimiyyəti və Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin təşkilatçılığı ilə N saylı hərbi hissədə Qarabağda aparılan antiterror əməliyyatlarında qazanılan qələbəyə həsr olunmuş "Zəfər nəğmələri” adlı konsert proqramı keçirib.
Tədbirdə hərbçilərlə yanaşı şəhid ailələri, qazilər, müharibə iştirakçıları və ictimaiyyət nümayəndələri də iştirak ediblər.
Konsert proqramından öncə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov qalib ölkənin qalib ordusunu qazanılan möhtəşəm qələbə münasibəti ilə təbrik edib, Azərbaycanın 44 günlük Vətən müharibəsində əldə etdiyi böyük qələbədən, 23 saat –43 dəqiqə ərzində keçirdiyi uğurlu antiterror əməliyyatlarından söz açaraq bu tarixi qələbəyə görə şəhidlərimizə və qazilərimizə minnətdar olduğumuzu bildirib. Qeyd edib ki, Azərbaycan Ordusu Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 30 illik həsrətə son qoyaraq Qarabağ torpaqlarını işğaldan azad etməklə tarixi ədaləti bərpa edib. Bu, 18 oktyabr Müstəqilliyin Bərpası Günü ərəfəsində qazanılan möhtəşəm bir qələbədir.
Bu qələbə möhtərəm Ali Baş Komandan cənab İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində əldə olundu. O, torpaqlarımızın işğaldan azad edilməsi, ərazi bütövlüyümüzün, suverenliyimizin bərpası, ölkənin beynəlxalq aləmdə nüfuzunun gücləndirilməsi yolunda qətiyyətlə çalışaraq, 30 ildən sonra Azərbaycan Bayrağının işğaldan azad olunmuş bütün şəhər və kəndlərimizdə dalğalanmasına nail olub. Hazırda Prezidentin rəhbərliyi ilə işğaldan azad edilən ərazilərdə bərpa və quruculuq işləri uğurla davam etdirilir, keçmiş məcburi köçkünlərin öz doğma yurdlarında məskunlaşması prosesi həyata keçirilir.
Azərbaycan Silahlı Qüvvələrinin polkovniki, əməkdar incəsənət xadimi Abdulla Qurbani çıxış edərək Vətən müharibəsində qazandığımız qələbənin tarixi əhəmiyyətindən, ordu-xalq birliyindən iftixar hissi ilə danışıb, Zəfər yolunun qəhrəmanlarını hörmətlə yad edib, onların xatirələrinin bundan sonra da əziz tutulacağını bildirib. Sonra tədbirin əhəmiyyətindən danışaraq vətənpərvərlik musiqilərinin gənclərin milli mənliyinin və vətənpərvərlik tərbiyəsinin formalaşmasında müstəsna rol oynadığını qeyd edib.
“Zəfər nəğmələri”ndə hərbi və vətənpərvərlik mövzusunda mahnılar ifa olunub.
Tədbir əsgərlərdə vətənpərvərlik ruhunun daha da inkişafını, xüsusən hərbi xidmətə yeni gələn əsgərlər arasında milli vətənpərvərlik hisslərinin aşılanmasını təbliğ edib.