Şriftin ölçüsü :

Saytın rəngi :

Tərtər Rayon İcra Hakimiyyəti rayon Təhsil Sektoru ilə birlikdə Xoruzlu kənd tam orta məktəbində “Narkomaniya, dini radikalizm, erkən nikah və onların fəsadları” mövzusunda tədbir keçirib

06 aprel 2023 | 15:23

Tədbirdə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, hüquq- mühafizə orqanlarının rəhbərləri, rayon Təhsil Sektorunun müdiri, YAP rayon təşkilatının sədri, məktəb direktorları və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov bildirib ki, mövcud qanunlara əsasən  respublikamızda 18 yaşını tamamlamayan hər bir şəxs uşaq sayılır və 18 yaşdan aşağı həyata keçirilən nikah erkən nikah hesab olunur və qanun pozuntusu sayılır. Çünki erkən yaşda uşaqlar ailə qurmağa fizioloji, psixoloji cəhətdən hazır olmurlar və bu cür erkən nikahlar sonradan onların həyatında bir sıra böyük fəsadlar yaradır. Bu fəsadlar məişət zorakılığından tutmuş, doğuş zamanı ana-uşaq ölümləri və fiziki-psixoloji çətinliklərlə kimi bir çox problemlərə yol açır. Belə hallara qanunvericiliklə icazə verilən yaşda ailə quranlarla müqayisədə, erkən nikaha girən ailələrdə daha çox rast gəlinir.

Qeyd olunub ki, dövlətimizin inkişafını istəməyən xarici qüvvələr tərəfindən ölkədə gənclər arasında radikal dini cərəyanların yayılması hallarına cəhd olunur və dövlətimiz tərəfindən  bu cəhdlərin qarşısı istənilən halda alınır. Lakin təəssüflər olsun ki, təhsildən kənarda qalan gənclərimizdən bəziləri  belə təbliğatın təsiri altına düşür, bu isə sonda acı nəticələrə-narkomaniya və erkən nigah kimi problemlərə  gətirib çıxarır.

Rayon rəhbəri narkomaniya, dini radikalizm, erkən nikah və onların doğurduğu  fəsadların qarşısının alınması üçün həyata keçirilən profilaktik tədbirlərin daha təsirli olması və nəticə verməsi üçün  maarifləndirmə işlərinin yalnız uşaqlar və şagirdlər arasında aparılmasının kifayət olmadığını bildirib. Çünki, bu haqda məktəbliyə nə qədər yeni informasiya verilsə də, evdəki mühitdə yenə valideyndən asılı vəziyyətdə qalır. Ona görə də, maarifləndirməyə eyni zamanda müəllimlərin, din xadimlərinin, bölgənin nüfuzlu adamlarının və valideynlərin cəlb edilməsinin, bu haqda insanlara düzgün məlumatlar çatdırılmasının vacibliyini qeyd edib.

İcra başçısı  bildirib ki, narkomaniya, dini radikalizm, erkən nikah və onların doğurduğu  fəsadların qarşısının alınması üşün  ən başlıcası təhsilə önəm verilməlidir. Bu isə ümumtəhsil məktəblərinin  pedaqoji kollektivlərinin  məsuliyyətini artırır, məktəblərdə çalışan psixoloqlardan  hər bir şagirdə  fərdi yanaşma tələb olunur, mütəmadi olaraq valideyn komitələri məktəbin psixoloqu ilə birlikdə məktəblilərin ailələrində olmalı, onlarla maarifləndirmə işlərini gücləndirməlidirlər.        

Rayon prokuroru Əli Qurbanov, Polis Şöbəsinin rəisi Elçin Qasımov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin  rayon şöbəsinin rəisi Elşən Abdullayev   narkotiklərin insan orqanizminə, sağlamlığa vurduğu zərərlərdən, dini radikalizm və erkən nikahın cəmiyyətdə törətdiyi bəlalardan danışaraq, məktəbliləri, gəncləri və bütün tədbir iştirakçılarını narkomaniyaya, dini radikalizmə, erkən nikaha  qarşı mübarizədə fəal olmağa çağırıblar.

Çıxışlarda qeyd olunub ki, erkən nikah cəmiyyətin bəlasıdır, fiziki sağlamlığı tam mənada formalaşmayan gənc qızların erkən nikahlara məcbur edilməsi gələcək ailə həyatında problemlərin yaranmasına, onların həm fiziki, həm də mənəvi cəhətdən zəifləməsinə gətirib çıxarır. Hər bir kəsin ailə qurmağa haqqı vardır, lakin insan fərd olaraq fizioloji və bioloji baxımdan tam inkişaf etməlidir. Çıxışçılar mövzunun əhəmiyyətindən, narkotik, dini radikaliz və erkən nikahın gənclərə, ailələrə, bütövlükdə cəmiyyətə vurduğu zərərdən, bu problemlərin aradan qaldırılması yolları haqqında danışıblar. Bildiriblər ki, bu kimi hallara zəmin yaradan əsas səbəblərdən birincisi təhsildən yayınmaqdır. Valideynlərin maddi imkansızlıq bəhanəsi ilə övladlarını məktəbdən uzaqlaşdırması son nəticədə erkən nikaha, dini radikalizmə və narkomaniyaya yol açır. Bunun qarşısının alınması üçün ardıcıl maarifləndirmə tədbirlərinin aparılması zəruridir.

Tədbirdə iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Keçidlər