Şriftin ölçüsü :

Saytın rəngi :

Tərtər rayon Heydər Əliyev Mərkəzində "Şəhidlərin izi - Zəfərin başlanğıcı" adlı tədbir keçirilib

26 sentyabr 2025 | 17:53

Qarabağ Regional Mədəniyyət İdarəsi Tərtər rayon Heydər Əliyev Mərkəzində 27 Sentyabr Anım Günü ilə əlaqədar olaraq Tərtər Rayon Peşə məktəbinin iştirakı ilə "Şəhidlərin izi - Zəfərin başlanğıcı" adlı tədbir keçirilib.

Tədbirdə ilk öncə Ulu Öndər Heydər Əliyevin və Vətən uğrunda canını fəda etmiş şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib.

Daha sonra tədbiri giriş sözü ilə mərkəzin direktoru Səlimə Yusibova açaraq qeyd edib ki, bu gün biz xalqımızın taleyində xüsusi yeri olan 27 Sentyabr – Anım Günü münasibətilə toplaşmışıq. Bu tarix Azərbaycan xalqının qəhrəmanlıq, milli birliyinin və mübarizə ruhunun rəmzi kimi yaddaşlara həkk olunmuşdur.

2020-ci ilin 27 sentyabrında başlayan Vətən müharibəsi xalqımızın azadlıq və ədalət uğrunda iradəsini bir daha bütün dünyaya nümayiş etdirdi. Ali Baş Komandanın rəhbərliyi, şanlı Ordumuzun qəhrəmanlığı və xalqımızın sarsılmaz birliyi nəticəsində torpaqlarımız düşmən işğalından azad edildi, 30 illik həsrətimizə son qoyuldu.

Bu müqəddəs yolda canından keçən şəhidlərimiz, sağlamlığını itirən qazilərimiz Azərbaycan tarixində qəhrəmanlıq salnaməsi yazdılar. Onların igidliyi sayəsində biz bu gün qalib bir xalq kimi başımızı uca tuta bilirik.

27 Sentyabr – Anım Günü bizə həm şəhidlərimizin ruhunu ehtiramla yad etməyi, həm də onların qoyub getdiyi mirasa sahib çıxmağı xatırladır. Bu gün biz bir daha and içirik ki, qəhrəmanlarımızın qanı bahasına qazanılan bu zəfəri daim qoruyacaq, onların xatirəsini ürəklərimizdə əbədi yaşadacağıq.

Daha sonra mərkəzin əməkdaşları və Peşə məktəbinin şagirdləri çıxış edərək qeyd etdilər ki, 2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı təxribatına cavab olaraq Azərbaycan Ordusu Vətən müharibəsinə başladı. 44 gün davam edən bu müharibə zamanı xalqımız həm cəbhədə, həm də arxa cəbhədə böyük birlik, əzm və iradə nümayiş etdirdi.

Azərbaycan Ordusu Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə işğal altında olan torpaqlarımızı azad etdi. Şanlı Zəfərimizin rəmzi olan 8 Noyabr – Şuşa şəhərinin azad edilməsi ilə müharibə Azərbaycanın tam qələbəsi ilə başa çatdı.

Bu müharibə nəticəsində 30 ilə yaxın işğal altında qalmış torpaqlarımıza azadlıq qayıtdı, yüz minlərlə məcburi köçkün doğma yurdlarına qayıtmaq ümidi qazandı. Lakin bu qələbə minlərlə şəhidimizin qanı və qazilərimizin fədakarlığı hesabına əldə olundu.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2 dekabr 2020-ci il tarixli Sərəncamı ilə 27 sentyabr “Anım Günü” elan edildi. Bu günün təsis olunmasının əsas məqsədi xalqımızın qəhrəman övladlarını yad etmək, onların göstərdiyi igidliyi və Vətən uğrunda şəhid olmalarını gələcək nəsillərə çatdırmaqdır.

Beləliklə, hər il 27 Sentyabrda bütün ölkə üzrə şəhidlərimizin ruhu anılır, onların əziz xatirəsi ehtiramla yad olunur. Bu gün həm də Azərbaycan xalqının qəhrəmanlıq, birlik və qələbə rəmzi kimi tarixə düşüb.

Sonda Vətən müharibəsindən bəhs edən videoçarx və sərgi nümayiş etdirildi.

 

Keçidlər