Tərtər Rayon Heydər Əliyev Mərkəzində “Heydər Əliyev və Azərbaycançılıq məfkurəsi” mövzusunda dəyirmi masa keçirilib
“Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev ili” elan edilməsi ilə bağlı Tədbirlər Planı” nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 28 noyabr tarixli sərəncamının icrası ilə bağlı Tərtər Rayon İcra Hakimiyyətinin tədbirlər planına əsasən rayon icra hakimiyyətinin və mədəniyyət mərkəzinin birgə təşkilatçılığı ilə “Heydər Əliyev və Azərbaycançılıq məfkurəsi” mövzusunda dəyirmi masa keçirilib.
Tədbir iştirakçıları əvvəlcə mərkəzdə Ulu Öndərin həyat və fəaliyyətini əks etdirən eksponatlarla tanış olublar. Sonra “dəyirmi masa” ətrafına toplanıblar.
Tədbirdə Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın azadligı ugrunda canlarından keçmiş şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə açan Tərtər Rayon İcra Hakimiyyəti Başçısı Aparatında İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Rəqsanə Məmmədli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə 2023 -cü ilin “Heydər Əliyev İli” elan olunması, bununla baglı “Tədbirlər Planı”nın təsdiq olunması və respublikamızda Ulu Öndərin 100 illiyi münasibəti ilə silsilə tədbirlər keçirilməsi barədə məlumat verib. Bildirib ki, Heydər Əliyev daima azərbaycançılıq məfkurəsinə sadiq qalmış və onu inkişaf etdirmişdir.
Qeyd olunub ki, əsası Azərbaycançılığın ümummilli ideologiyaya, bütün dünya azərbaycanlılarını birləşdirən məfkurəyə, müasir müstəqil Azərbaycan dövlətinin əsasına çevrilməsi ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Dahi şəxsiyyət azərbaycançılığı dövlətçiliyə tətbiq etdi, bu məfkurəyə əsaslanan milli dövlət yaratdı, xalqda dövlətçilik hissini formalaşdırdı.
Xalqımızın böyük oğlu, dahi şəxsiyyət Heydər Əliyev hələ respublikamıza birinci rəhbərliyi dövründə azərbaycançılıq məfkurəsi istiqamətində çox böyük, həm də qətiyyətli addımlar atmışdı. Azərbaycan tarixinin, dilinin, ədəbiyyatının, mədəniyyətinin hərtərəfli şəkildə və dərindən öyrənilməsi, təbliği, gənc nəslin milli-mənəvi dəyərlər ruhunda tərbiyə edilməsində, milli şüurun dirçəlişi, ümumən, bütün sahələrdə azərbaycançılıq amalının möhkəm, etibarlı bazasının formalaşdırılması yönündə həyata keçirilən qətiyyətli tədbirlər məhz Ulu Öndərin parlaq dühası, ardıcıl səyləri sayəsində reallaşmışdı.
“Dəyirmi masa”da iştirak edən Bərdə Regional Mədəniyyət İdarəsinin Tərtər Rayon üzrə nümayəndəsi Ceyhun İsmayılzadə, Tərtər Rayon Heydər Əliyev Mərkəzinin direktoru Səlimə Yusibova, Heydər Əliyev Mərkəzinin eksursiyaçısı Mərziyə Əmirxanlı, Tərtər rayon Mərkəzi Kitabxana Sisteminin Kovdadıq filialının müdiri Həlimə Vəlizadə, Tərtər rayon Mərkəzi Kitabxana Sistemində Oxuculara Xidmət Şöbəsinin müdiri Şəlalə Əliyeva, Tərtər Rayon Uşaq Musiqi Məktəbində Xalq Çalğı Alətlərinin şöbə müdiri Mehman Abbasov Ulu öndər Heydər Əliyevin Azərbaycan dilinin, tarixinin, ədəbiyyat və mədəniyyətinin azərbaycançılıq məfkurəsi ilə dərkinin metodologiya və strategiyasını formalaşdırdığını dilə gətiriblər.
“Dəyirmi masa”ya Heydər Əliyevin bu sözləri ilə yekun vurulub: “Hər bir azərbaycanlı öz milli mənsubiyyətinə görə qürur hissi keçirməlidir və azərbaycançılığı - Azərbaycan dilini, mədəniyyətini, milli-mənəvi dəyərlərini, adət-ənənələrini yaşatmalıdır”.