Tərtər rayon Heydər Əliyev Mərkəzində “20 yanvar həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında Ümummilli Lider Heydər Əliyevin rolu” mövzusunda dəyirmi masa keçirilib
“Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev ili” elan edilməsi ilə bağlı Tədbirlər Planı” nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 28 noyabr tarixli sərəncamının icrası ilə bağlı Tərtər Rayon İcra Hakimiyyətinin tədbirlər planına əsasən Heydər Əliyev Mərkəzində “20 yanvar həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında Ümummilli Lider Heydər Əliyevin rolu” mövzusunda dəyirmi masa keçirilib.
Öncə tədbir iştirakçıları ümummilli lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarından keçən Vətən oğullarının əziz xatirəsini bir dəqiqəlik sükutla anıblar.
Dəyirmi masanı giriş sözü ilə açan Bərdə Regional Mədəniyyət İdarəsinin Tərtər rayonu üzrə nümayəndəsi Ceyhun İsmayılzadə çıxış edərək bildirdi ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakıda və ölkənin digər rayonlarında sovet ordusu tərəfindən dinc əhaliyə qarşı dəhşətli, kütləvi qırğın törədilib. Bu qanlı hadisənin törədilməsində əsas məqsədlərdən biri öz haqlı tələblərini irəli sürən, azadlıq, suverenlik istəyində olan Azərbaycan xalqının iradəsini qırmaq, insanların müstəqillik arzularını məhv etmək idi. Ümummilli Lider Moskvada özünün və ailə üzvlərinin həyatını təhlükə qarşısında qoyaraq, hadisələrdən dərhal sonra - 1990-cı il yanvarın 21-də Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gəldi, Bakıda baş verən qırğını dünya ictimaiyyətinə çatdırdı. Mətbuat konfransında Ulu Öndər təcavüzə kəskin etirazını bildirdi, faciəni törədənləri, şəxsən M.Qorbaçovu kəskin ittiham edərək, qoşunların Bakıdan çıxarılmasını tələb etdi.
Sonra Tərtər Rayon İcra Hakimiyyəti Başçısı Aparatında İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdirinin müavini-dini qurumlarla işin təşkilatçısı Zabil Paşayev, Heydər Əliyev Mərkəzinin direktoru Səlimə Yusibova, Mərkəzi Kitabxana Sisteminin müdiri Reyhan İsmayılova, Mədəniyyət Mərkəzinin əməkdaşı Sadiq Quluyev çıxış edərək 33 il əvvəl Bakıda törədilmiş qanlı faciədən, Vətənin azadlığı və ərazi bütövlüyü uğrunda canlarından keçən həmvətənlərimizin mübarizliyindən danışıb, qanlı hadisəni Azərbaycan xalqının azadlıq mübarizəsinin parlaq səhifəsi adlandırıblar.