Tərtər rayon A.Həsənov adına Buruc kənd tam orta məktəbində narkomaniya, erkən nikah və kibercinayətkarlığa qarşı mübarizə mövzusunda maarifləndirici tədbir keçirilib
Tərtər Rayon İcra Hakimiyyəti , rayon polis şöbəsi və rayon təhsil sektorunun birgə təşkilatçılığı ilə Buruc kənd tam orta ümumtəhsil məktəbində narkomaniya, erkən nikah və kibercinayətkarlığa qarşı mübarizə mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbirdə rayon icra hakimiyyəti başçısı aparatında Uşaq hüquqlarının müdafiəsi üzrə komissiyanın məsul katibi Rəvan Həsənov, rayon polis şöbəsinin rəis müavini, polis polkovnik–leytenantı Elxan Zamanov, YYÇPİTQ-nın inspektoru-polis leytenantı Sirac Əlizadə, məktəbin direktoru Vəfadar Alıyev, müəllim və şagirdlər iştirak ediblər.
Rayon polis şöbəsinin rəis müavini çıxış edərək, müasir dövrdə bütövlükdə bəşəriyyət üçün böyük bəlaya çevrilən narkomaniya ilə mübarizənin vacibliyindən, sağlam gəncliyin və etibarlı gələcəyin qurulması baxımından belə maarifləndirici görüşlərin davamlı şəkildə təşkilinin zəruriliyindən danışıb. Narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının alınması istiqamətində hüquq-mühafizə orqanlarının barışmaz və qətiyyətli tədbirləri ilə bağlı görüş iştirakçılarına məlumat verib.
Həmçinin kibercinayətkarlıq hallarına qarşı vətəndaşlar tərəfindən görülməli olan ehtiyat və təhlükəsizlik tədbirləri ilə bağlı da tədbir iştirakçıları məlumatlandırılıb.
Sonra erkən nikahların fəsadları, bu neqativ halın ailə quran şəxslərə, ümumilikdə isə ailə quruluşuna və bütövlükdə cəmiyyətə mənfi təsir göstərməsi barədə ətraflı məlumat verilib.
Sonda müzakirə olunan mövzularla əlaqəli şagirdlərin sualları cavablandırılıb.






