Şriftin ölçüsü :

Saytın rəngi :

Tərtər Rayon Ağsaqqallar Şurasının hesabat iclası keçirilib

05 iyun 2024 | 16:25

Hesabat iclasında Tərtər Rayon İcra Hakimiyyətinin Başçısı Müstəqim Məmmədov, Respublika Ağsaqqallar Şurasının sədr müavini, Milli Məclisin deputatı Ağalar Vəliyev, aparat rəhbəri Ramin Həsənli, rayon Ağsaqqallar Şurasının idarə heyətinin üzvləri, ziyalılar iştirak ediblər.

Tədbir iştirakçıları əvvəlcə Ümummilli Liderimiz Heydər Əliyevin Şəhərin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək, abidənin önünə gül-çiçək dəstələri düzüblər.

Sonra tədbir Tərtər Rayon İcra Hakimiyyətinin inzibati binasında davam etdirilib.

Tərtər Rayon İcra Hakimiyyətinin Başçısı Müstəqim Məmmədov iştirakçıları salamlayaraq ağsaqqalların ölkəmizin ictimai-mədəni həyatında rolundan, yaşlı nəslin nümayəndələrinə göstərilən dövlət qayğısından danışıb, gənclərin dövlətə, xalqa sədaqət ruhunda, zərərli vərdişlərdən uzaq sağlam əsaslar üzərində tərbiyəsi işində ağsaqqallara hər zaman böyük ehtiyac olduğunu diqqətə çatdırıb.

Respublika Ağsaqqallar Şurasının sədr müavini, Milli Məclisin deputatı Ağalar Vəliyev çıxışında Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra ölkəmizin ictimai-siyasi həyatında ağsaqqalların rolunun artdığını və cəmiyyətimizin bütün sahələrində fəallıqları təmin edilib. Bu diqqət və qayğı hazırda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən yüksək səviyyədə davam etdirilir. Son illərdə tarixi Zəfərimizin reallıqları fonunda Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən uğurlu sosial-iqtisadi inkişaf strategiyasından bəhs edib. İşğaldan azad edilmiş ərazilərimizlə yanaşı, digər regionlarımızın da inkişaf etdirilməsinə böyük diqqət ayrıldığını vurğulayıb.

Rayon Ağsaqqallar Şurasının sədri Faiq Məmmədov illik hesabat məruzəsi ilə çıxış edərək qeyd edib ki, Şuranın üzvləri şəhərin ictimai-siyasi həyatında yaxından iştirak edir, gənc nəslin milli-mənəvi dəyərlərimizə və doğma Vətənimizə hörmət ruhunda formalaşdırılması istiqamətində keçirilən təbliğat maarifləndirmə tədbirlərində yaxından iştirak edirlər.

Çıxış edən rayon ağsaqqallar Şurasının üzvləri-şəhid atası, Birinci Qarabağ Müharibəsinin əlili Akif Lalayev və Azad Qaraqoyunlu kənd ağsaqqalı Arif Hüseynov ölkəmizdə həyata keçirilən ictimai işlərdə bundan sonra da yaxından iştirak edəcəklərini vurğulayıblar. Ağsaqqallar onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.

Keçidlər