Şriftin ölçüsü :

Saytın rəngi :

Tərtər qışa hazırdı

30 noyabr 2022 | 19:08

Tərtər rayonunda payız-qış mövsümünə hazırlıq daim diqqət mərkəzində saxlanılır. Həyata keçirilən məqsədyönlü tədbirlər rayon sakinlərinin payız-qış mövsümünü heç bir problem olmadan başa vurmalarına imkan yaradır.

 Tərtər Rayon İcra Hakimiyyəti tərəfindən qış mövsümünə hazırlıqla bağlı rayonda fəaliyyət göstərən əlaqədar qrumlara tapşırıqlar verilib və rayon rəhbəri görülmüş işlərlə yerində tanış olub.

Qeyd edək ki, Payız-qış mövsümünə hazırlıqla əlaqədar Tərtər şəhərində və yol kənarı yaşıllıq zolaqlarında mövsümü budama, səliqə-sahman işləri aparılır, həmişəyaşıl və dekorativ ağacları formaya salınır. Səkilərdə sakinlərin gediş-gəlişinə maneə yaradan budaqlar təmizlənir. Budanma nəticəsində yaranan tullantılar Kommunal Təsərrüfatı İdarəsinin texnikaları və işçi qüvvəsi tərəfindən ərazidən götürülür.

Küçələrdə quraşdırılmış gecə işıqlandırma sistemlərinə baxış keçirilir, sıradan çıxmış elektrik lampaları yenisi ilə əvəz olunur, xətlərdəki nasazlıqlar aradan qaldırılır.

Payız-qış mövsümündə əhalini fasiləsiz və keyfiyyətli elektrik enerjisi ilə təmin etmək üçün elektrik yarımstansiyalarında, yağ açarlarında və transformatorlarda təmir işləri görülüb, hava elektrik verilişi xətlərində qüsurlu izolyatorlar yenisi ilə əvəzlənib, naqillər texniki təhlükəsizlik və istismar qaydalarının tələblərinə uyğun vəziyyətə gətirilib. 432 ədəd 10 kilovoltluq, 650 ədəd 04 kilovoltluq dayaq yeniləri ilə əvəz olunub. 18 kilometir kabel, 46 kilometr naqil dəyişdirilib, 22 ədəd yeni Transformator quraşdırılıb.

Payız-qış mövsümünə hazırlıqla əlaqədar rayon ərazisindəki qaz kəmərləri kipliyə və möhkəmliyə görə yoxlanılıb, şkaf və siyirtmələrə texniki baxış keçirilib, sızmalar aradan qaldırılıb. Əhalinin davamlı şəkildə təbii qazla təmin edilməsi üçün qaz təsərrüfatında 109 ədəd qaz tənzimləyici şkaf quraşdırılıb. Rayonun Famil Qulami, Bəsti Bagırova küçələrində, Sarıcalı və Buruc  kəndlərində təmir işləri aparılaraq qaz xətləri yenilənib.

Rayonun istilik təchizatı obyektlərinin qazanxana və istilik şəbəkələri, magistral istilik kəmərləri, nəzarət ölçü cihazları, qaz və elektrik avadanlıqları da payız-qış mövsümünə tam hazır vəziyyətə gətirilib.  Qazanxanalarda bütün nasoslar, elektrik mühərrikləri və nəzarət-ölçü cihazları təmir olunub. Qazanlar və istilik mübadilə avadanlıqları mexaniki və kimyəvi üsulla təmizlənib.

Tərtər rayonunda əhalinin içməli su ilə təminatı da diqqət mərkəzindədir. Belə ki, 2016-cı ildə Tərtər şəhərində içməli su və kanalizasiya sistemləri yenidən qurulub. Artıq şəhər sakinləri fasiləsiz və keyfiyyətli içməli su və mərkəzləşdirilmiş kanalizasiya xidmətləri ilə təmin olunurlar. Tərtər şəhərində yeni yaradılmış su təchizatı sistemləri ətraf kəndlərin də su təminatının yaxşılaşmasına imkan yaradıb.

Keçidlər