Tərtər Peşə Məktəbində “Xocalı soyqrımı-tarixin qan yaddaşı” adlı tədbir keçirilib
Fevral ayının 25-də Tərtər Peşə Məktəbində rayon icra hakimiyyətinin, YAP rayon təşkilatının, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Qarabağ və Şərqi Zəngəzur Regional Bölməsinin birgə təşkilatçılığı ilə Xocalı soyqırımının 34-cü ildönümünə həsr edilmiş “Xocalı soyqrımı-tarixin qan yaddaşı” adlı tədbir keçirilib.
Tədbirdə rayon icra hakimiyyəti başçısı aparatında İctimai-siyasi və humanitar məsələlər sektorunun müdiri Zabil Paşayev, YAP rayon təşkilatının nümayəndəsi Əli Paşayev,Tərtər Peşə məktəbinin direktoru Əli Babayev ,Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Qarabağ və Şərqi Zəngəzur Regional Bölməsinin aparıcı məsləhətçisi İsmət Rəhimov, məktəbin müəllim və tələbələri iştirak ediblər.
Əvvəlcə ötən əsrin ən dəhşətli faciələrindən biri olan Xocalı soyqırımı qurbanlarının xatirəsi dərin ehtiramla yad edilib.
Sonra tədbiri giriş sözü ilə məktəbin direktoru Əli Babayev açaraq, Xocalı soyqrımı ilə bağlı məruzə edib. Qeyd olunub ki,1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni işğalçıları SSRİ adlı imperiyanın şovinist rəhbərlərinin tabeliyindəki 4-cü ordunun 23-cü diviziyasının 366-cı alayının köməyi ilə Xocalıya hücuma keçdilər. Şəhər yerlə-yeksan edildi, Xocalının yüzlərlə sakini güllələndi, əsir götürülən qız-gəlinlər, azyaşlı uşaqlar, qocalar, düşmənə qarşı son anadək qəhrəmanlıqla döyüşən oğullar amansız işgəncələrə məruz qaldılar. O, qeyd edib ki, 7 min əhalisi olan Xocalı şəhərində erməni vandalları tərəfindən törədilmiş cinayətlər nəinki burada görənləri sarsıtmışdı, eləcə də bu əməllər barədə eşidənləri belə dəhşətə gətirir. Ermənilərin törətdiyi Xocalı soyqırımı bir tərəfdən hərbi cinayətdirsə, digər tərəfdən dinc əhaliyə qarşı törədilmiş kütləvi terror aktıdır.
Dini qurumlarla İş üzrə Dövlət Komitəsinin aparıcı məsləhətçisi İsmət Rəhimov çıxış edərək, Xocalı soyqırımının başvermə səbəbləri, acı nəticələri barədə, məhv edilmiş tarixi və dini abidələr haqqında danışıb və çıxışında gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsinin, milli yaddaşın qorunması və Xocalı həqiqətlərinin beynəlxalq səviyyədə tanıdılmasının əhəmiyyətini xüsusi qeyd edib.
Rayon icra hakimiyyəti başçısı aparatında İctimai-siyasi və humanitar məsələlər sektorunun müdiri Zabil Paşayev,YAP rayon təşkilatının əməkdaşı Əli Paşayev 1992-ci il 26 fevral tarixində baş vermiş Xocalı faciəsinin Azərbaycan xalqına qarşı törədilmiş ən ağır cinayətlərdən biri olduğunu bildiriblər.
XX əsrin sonunda dünyanın gözü qarşısında törədilən bu kütləvi qırğının amansızlığına və qəddarlığına görə təkcə Azərbaycan xalqına qarşı deyil, bütövlükdə bəşəriyyətə və insanlığa qarşı törədilmiş cinayət olduğunu vurğulayıb.
Qisasın qiyamətə qalmadığını, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində zəfər yazdığını, torpaqlarımızın işğaldan azad edildiyini,ölkə rəhbərinin Xocalıda Azərbaycan Bayrağını öz əlləri ilə dalğalandırdığını qeyd edib. Bildirib ki, xocalılar mərhələli şəkildə artıq öz yerlərinə dönürlər. İşğaldan azad olunmuş bütün ərazilərdə geniş tikinti-abadlıq işləri aparılır.
Tədbirdə məktəbin müəllimləri Cənnət Vəliyev, Könül Babayeva, psixoloq Altunə Bayramova, baş usta Qalalı Hüseynov, mütəxəsis Akşin İsmayılov, tələbələrdən Səbinə Allahverdiyeva, Samirə Cəfərova, Ramal Camallı, Yusif Hüseynov da çıxış ediblər. Çıxışlarda Xocalı faciəsinin Azərbaycan xalqının qan yaddaşı olduğu vurğulanıb.






