Tərtər Mədəniyyət Mərkəzində şəhid və qazi övladları üçün interaktiv teatr şousu keçirilib
Tərtər rayon icra hakimiyyətininn təşkilatçılığı ilə Tərtər Mədəniyyət Mərkəzində şəhid ailələri və qazi ailələrinin övladları üçün Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Mingəçevir Dövlət Dram Teatrı tərəfindən Dəcəllər interaktiv teatr-şou proqramı təşkil olunub.
Tədbirin keçirilməsində əsas məqsəd şəhid və qazilərin övladlarının asudə vaxtlarının səmərəli təşkili, onların mənəvi-psixoloji dəstəklənməsi, incəsənətə və teatra marağının artırılması olub. İnteraktiv formatda təqdim olunan teatr şousu uşaqların fəal iştirakına şərait yaradıb, onlara maraqlı və əyləncəli anlar yaşadıb.
Səhnələşdirilən proqramda vətənpərvərlik, dostluq, mərhəmət və birlik kimi dəyərlər aşılanıb, uşaqların emosional dünyasına müsbət təsir göstərən elementlərə xüsusi yer verilib. Tədbir iştirakçıları teatr kollektivinin peşəkar çıxışını böyük maraq və sevinc hissi ilə qarşılayıblar.
Sonda uşaqlar üçün xoş xatirələrlə yadda qalan bu cür mədəni tədbirlərin davamlı keçirilməsinin vacibliyi vurğulanıb.






