Tərtədə “Qurtuluşdan Zəfərə” adlı sənədli filmin ilk sınaq çəkilişləri olub
Tərtər rayon İcra Hakimiyyətinin, Bərdə Regional Mədəniyyət idarəsinin və AVMVİB-nin Tərtər regional nümayəndəliyinin birgə təşklatçılığı ilə “Qurtuluşdan Zəfərə” adlı sənədli filmin ilk sınaq çəkilişləri olub.
Tədbirdə Tərtər rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, hüquq mühafizə orqanlarının rəhbərləri, YAP Tərtər rayon təşkilatının sədri Eldar Əsədov, idarə, müəssisə və təşkilat rəhbərləri, şəhid valdeyinləri, qazilər, veteranlar, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Əvvəlcə tədbir təşkilatçıları Ulu Öndər Heydər Əliyevin abidəsini və Şəhidlər Abidə Kompleksini ziyarət edib, önünə gül dəstələri düzərək xatirələrini ehtiramla anıblar.
Tədbirdə çıxış edən Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni təqvim ilinin başlanması münasibətilə tədbir iştirakçılarını təbrik edib. Qeyd edib ki, ölkə rəhbəri, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında 44 günlük Vətən müharibəsində qazanılan tarixi qələbə hesabına qarşıdan gələn 2023-cü ili qalib xalqın nümayəndələri kimi qarşılayırıq.
Bildirib ki, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə 2020-ci ilin sentyabr ayının 27-də rəşadətli Azərbaycan Ordusu əks hücuma keçərək işğal altında olan torpaqlarımızı azad etdi. Son 200 il ərzində ilk dəfə olaraq ermənilərlə olan münaqişə Qələbə ilə başa çatdı. Vətən müharibəsi günlərində dövlətimizin başçısı, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev özünü dahi ictimai-siyasi xadimdən əlavə həm də bacarıqlı sərkərdə kimi göstərdi və Ermənistan kapitulyasiya aktını imzalamağa məcbur edildi. Bu isə Prezident İlham Əliyevin dahi intellekti və müdrik siyasəti sayəsində əldə olundu. Vurğulayıb ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə düşmən üzərində qazanılan şanlı Qələbədə Ordumuzun və döyüşlərdə iştirak edən əsgər və zabitlərimizin qəhrəmanlığı xüsusi qeyd edilməlidir. Biz döyüşlərdə şəhid olmuş soydaşlarımızın ruhu qarşısında baş əyir, onlara Ulu tanrıdan rəhmət diləyirik. Qədirbilən xalqımız onları heç vaxt yaddan çıxarmayacaq.
Rayon rəhbəri qeyd edib ki, Vətən müharibəsində məkrli düşmən müharibənin aparılmasının beynəlxalq hüquq normaları ilə müəyyən olunmuş qaydalarını pozaraq, dəfələrlə Tərtər şəhəri də daxil olmaqla 40 yaşayış məntəqəmizə 16 min 277 top, tank, qrad mərmisi, 21 qadağan olunmuş raket atıb. Ancaq tərtərlilər bir gün də olsun öz doğma yurdlarını və ev-eşiklərini tərk etməyib, evləri dağılsa da, şəhidlər versə də, ön cəbhədə olduğu kimi arxa cəbhədə də qəhrəmanlıq, şücaət göstəriblər.
Tədbirdə Tərtər RPŞ-nin rəisi, polis polkovniki Elçin Qasımov, Vətən Müharibəsi Qəhramanı Anar Əliyevin atası Vaqif Əliyev, birinci qrup Vətən Müharibəsi əlili Kamil Səfərli, birinci qrup Qarabağ müharibəsi əlili Vidadi Məmmədzadə çıxış edərək 44 günlük Vətən müharibəsində rəşadətli Azərbaycan Ordusunun Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazandığı tarixi Qələbədən, şəhidlərin Vətən müharibəsində göstərdikləri döyüş şücaətindən, gənclərə nümunə olmalarından, ordu-xalq-iqtidar birliyindən danışıb, şəhidlərin xatirəsinin daim qəlblərdə yaşayacağını bildiriblər.
Tədbir iştirakçıları çəkilməsi nəzərdə tutulan “Qurtuluşdan Zəfərə” adlı sənədli filmin lahiyəsi barədə öz fikir və təklifərini bildiriblər.
Sonra tədbir ədəbi-bədii kompozisiya ilə davam etdirilib.