Talış kəndinin sakinləri doğma torpaqlarına qayıdıblar
Böyük Qayıdış proqramı çərçivəsində martın 16-da Tərtər rayonunun Talış kəndinə ilkin mərhələdə 20 məcburi köçkün ailəsi köçürülüb.
Bununla əlaqədar Tərtər Rayon Bayraq Meydanında təntənəli qarşılanma və yolasalma mərasimi keçirilib.
Tədbirdə Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin nümayəndələri, Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, YAP Tərtər Rayon Təşkilatının və rayon Ağsaqqallar Şurasının sədirləri, köçürülən ailələr, qazilər və rayon sakinləri iştirak ediblər.
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov tədbirdə çıxış edərək Talış sakinlərini Novruz bayramı və öz yurdlarına köçmələri münasibəti ilə təbrik edib. Bildirib ki, Ötən il Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyev Tərtər rayonunun işğaldan azad edilmiş Suqovuşan qəsəbəsindən, 2021 –ci ildə isə Şuşadan –Cıdır düzündən Azərbaycan xalqini təbrik edib, Bayram tonqalını yandırıb.
Cənab Prezident rayonumuzun Suqovuşan qəsəbəsindən Azərbaycan xalqını təbrik edərkən belə deyib: “İkinci dəfədir ki, tarixi Zəfərimizdən sonra biz Novruz bayramını doğma Qarabağ diyarında qeyd edirik. Bilirəm, hər birimiz, xüsusilə keçmiş məcburi köçkünlər hər dəfə bayram ərəfəsində və bayram günlərində deyirdik ki, İnşallah, gələn il azad edilmiş torpaqlarda, Qarabağda Novruz bayramını qeyd edəcəyik və artıq bu, reallıqdır. İkinci dəfədir ki, bu gözəl bahar bayramını biz işğaldan azad edilmiş torpaqlarda qeyd edirik. Bu gün mən Novruz tonqalını burada - Suqovuşanda qaladım, qədim Azərbaycan diyarı olan Suqovuşanda. Keçən il isə Novruz bayramını mən Şuşa şəhərində, hər birimiz üçün əziz olan Cıdır düzündə qeyd etmişdim və Azərbaycan xalqına müraciət etmişdim. Şadam və xoşbəxtəm ki, artıq bu, bir ənənəyə çevrilib və Novruz bayramını biz burada, doğma Qarabağ diyarında qeyd edirik.”
Bu il isə Novruz Bayramını uzun illər yurd – yuvasından didərgin düşmüş rayonuimuzun Talış kəndinin sakinləri öz doğma ocaqlarında qarşılayacaqlar.
Bildirilib ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun qazandığı Zəfər nəticəsində məcburi köçkünlərin 30 ildən sonra könüllü, təhlükəsiz və ləyaqətlə doğma yurdlarına qayıtmasına imkan yaranıb.
Talış sakinləri hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya, torpaqlarımızı işğaldan qurtaran rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını ifadə ediblər.
Tədbir Bərdə Regional Mədəniyyət İdarəsinin Tərtər Nümayəndəliyinin və Uşaq-Gənclər İnkişaf Mərkəzinin dərinək üzvlərinin hazırladığı konsert proqramı ilə davam etdirilib. Talış kəndinin sakinlərinə rayon icra hakimiyyəti tərəfindən bayram sovqatları paylanılıb.
Sonra Bakı, Bərdə, Tərtər, Samux və Goranboyda, əsasən, ağır şəraitdə, qəzalı vəziyyətdə olan müvəqqəti məskunlaşma yerlərində yaşayan 20 ailə (90 nəfər) 30 ildən sonra doğma yurdlarına doğru yola çıxıblar.
Onları Talış kəndində Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin nümayəndələri və Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov qarşılayıblar.
Azərbaycan dövlətinin qısa vaxtda Talış kəndində yaratdığı şəraitlə tanışlıqdan sonra sakinlər üçün nahar süfrəsi açılıb.
Talışa köçən kənd sakinləri Zahid Allasov, Əlişir Allasov, Elmir Hüseynov və başqaları uzun illərdən sonra doğma torpaqlarına qovuşmalarının sevincini yaşadıqlarını bildiriblər. Onlar kəndlərində görülən işlərdən razılıqlarını dilə gətirərək, buna görə Prezident İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər.
Qeyd edək ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu 2020-ci il oktyabrın 3-də bu strateji ərazini düşməndən təmizləyib. İşğaldan azad edildikdən sonra dövlətimizin başçısının tapşırıqları əsasında Talış kəndində tikinti-bərpa işləri aparılıb, yeni evlər inşa olunub, zəruri infrastruktur yaradılıb.
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Repatriasiya departamenti ilk mərhələdə Talış kəndində məskunlaşdırılacaq 20 ailə arasında şəffaflıq və ədalətlilik prinsipləri əsasında ev bölgüsü aparılması məqsədilə püşkatma keçirib. Püşkatma nəticəsində ailələrin hər birinə veriləcək evin ünvanı müəyyənləşdirilib. Onlardan 15-i üçotaqlı, 1-i ikiotaqlı, 4-ü dördotaqlı fərdi evlə təmin olunub.
Beləliklə, Talış kəndinin sakinləri uzun illərdən sonra Novruzu doğma torpaqlarında qeyd edəcəklər.