Şriftin ölçüsü :

Saytın rəngi :

Suqovuşanda “Mingəçevir reqatası-2022”nin təntənəli açılış mərasimi olub

22 oktyabr 2022 | 10:48

Oktyabrın 21-də Suqovuşanda avarçəkmə üzrə “Mingəçevir reqatası-2022”nin təntənəli açılış mərasimi olub. Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Sonra iştirakçı ölkələrin təqdimatı olub.

Tədbirdə Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının (AKAF) baş katibi Fərhad Əliyev, Türkiyə Kanoe Federasiyasının prezidenti Alper Kabakçı, Serbiya Avarçəkmə Federasiyasının İdarə Heyətinin üzvü Duşan Kovaçeviç və Macarıstan Məşqçilər Komitəsinin sədri Zoltan Olferdi çıxış ediblər.

Sonda yarış iştirakçılarına uğurlar arzulayan gənclər və idman naziri Fərid Qayıbov reqatanı açıq elan etdikdən sonra mərasimdə iştirak edən ikinci Vətən müharibəsinin iştirakçıları və qaziləri salamlanıb.

Reqatada Azərbaycanla yanaşı, Türkiyə, Gürcüstan, Özbəkistan, Bolqarıstan, İtaliya, Macarıstan, Moldova, Polşa, Qazaxıstan, Rumıniya, Serbiya, Sloveniya və Ukrayna komandalarından 150-dək idmançı mübarizə aparır.

Turnirin birinci günündə yarışlar Suqovuşanda keçirilib. Oktyabrın 22-23-də “Mingəçevir Reqatası” yarışı “Kür” Olimpiya Tədris-İdman Mərkəzində davam edəcək. Mingəçevirdə avarçəkənlər həm kayak və kanoe, həm də akademik növlərdə mübarizə aparacaqlar.

Keçidlər